Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qloballaşan dünya təhsil sistemində İKT-dən geniş istifadəni labüd edir
Qloballaşan dünya təhsil sisteminin idarə olunmasında yeni tədris texnologiyalarından, İKT-dən, beynəlxalq təcrübə və standartlarından istifadənin vacibliyini ortaya qoyur. Bu gün verdiyi təhsildə informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməyən ölkələr inkişaf etmiş ölkələrlə ayaqlaşa bilməzlər.
Sevindirici haldır ki, Azərbaycan özünün təhsil sistemində informasiya texnologiyalarından, müasir dövrün tələblərindən geniş şəkildə tətbiq etməyə başlayıb və bu istiqamətdə atılan addımlar get-gedə sürətləndirilir.
Bu barədə mətbuata açıqlama verən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abıyev bildirib ki, ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı istiqamətində düşünülmüş addımlar atılır, lazımi strategiyalar qəbul olunur, sərəncamlar verilir:
“Ulu öndərimiz, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev hələ Sovetlər dönəmində Azərbaycanda təhsilə və idmana çox böyük diqqət yetirirdi. Ulu öndərin müəllim adına göstərdiyi hörmət hamıya məlumdur.
Bu gün də ulu öndərin layiqli davamçısı, Prezidentimiz cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, təhsil və idmana çox böyük diqqət və qayğı göstərir. Ölkə Prezidenti İlham Əliyev 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında Sərəncam imzalamışdır. Biz təhsil işçiləri bu gün və gələcək işlərimizi bu strategiyanın uğurla aparılması üçün bütün bilik, bacarıqlarımızdan istifadə etməliyik. Heç bir təhsil işçisi, tutduğu vəzifədən və rütbəsindən asılı olmayaraq kənarda qalmamalıdır. Bu strategiyanın davamlı inkişafı, qələbəsi hər bir azərbaycanlı ziyalısının başlıca vəzifələrindən biri olmalıdır. Bax burada vətənpərvərlik də var, tələbələrimizin gələcəyi haqqında, təhsilimiz haqqında düşünmək də var. Strategiyada bu gün ölkəmizdə təhsilin vəziyyəti, onun keyfiyyəti, əhatəliliyi və məzmunu haqqında geniş məlumat verilir və gələcək hədəflər göstərilir. Burda tədris metodikalarından başlayaraq təhsilin müasir standartlarına cavab verən infrastrukturunun və resurslarının yaradılması yolları göstərilir”.
Rektor bildirib ki, əsas strateji hədəf isə nəzəri bilikli və yüksək təcrübi bacarığı olan gənc, müasir beynəlxalq standartlara cavab verən ixtisasçı hazırlamaqdır. “Bir sözlə, təhsil strategiyası böyük perspektivlər vəd edir” – deyən millət vəkili əlavə edib ki, bunun üçün tədris proqramlarına yeni, müasir nöqteyi-nəzərdən baxmaq lazımdır: “Elə fənlər var ki, məsələn, təbiət elmlərində, məzmunca əsaslı dəyişiklik aparmaq düzgün olmazdı, məsələn, riyaziyyat, fizika, kimya, anatomiya, fiziologiya, psixologiya və s. , amma bu fənlərin tədrisinin metodikasından, müasir pedaqoji fəndlərdən, ən başlıcası isə yeni Avropa təhsil sistemində qəbul olunmuş, təhsilalanın biliklərinin qiymətləndirməsi metodikasından istifadə etməliyik. Ancaq bu yolla biz Avropaya tələbələrimizin səviyyəsinin nə dərəcədə olduğunu göstərə bilərik”.
SEYMUR
05/02/15 Çap et