Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple ” texnologiyaları ABŞ hospitallarında geniş tətbiq edilib
“Apple Inc” şirkətinin səhiyyə texnologiyası ABŞ hospitallarında geniş tətbiq edilib. Şirkətin texnologiyaları həkimlərə pasientləri məsafədən müşahidə etməyə imkan verir. Bu isə ucuz başa gəlir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Reuters” Agentliyinin araşdırma apardığı 23 hospitaldan 14-də “Apple HealthKit” pilot proqramının tətbiq edildiyi və ya bu istiqamətdə işlər aparıldığı məlum olub. Qeyd edək ki, bu tətbiq xəstənin səhhəti haqda məlumat verir, o cümlədən qan təzyiqi, çəkisi və ya ürək çatışmazlığı göstəricilərini təqdim edir.
Yeni xidmət tibb müəssisələrinə xroniki şəkər və hipertenziyalı pasientləri müşahidə etməyə, həkimlərə xəstəliyin ilkin əlamətlərini müəyyənləşdirməyə və xəstəlik kəskinləşmədən müdaxilə etməyə imkan verir.
Məlumat üçün bildirək ki, ABŞ səhiyyə bazarı 3 trilyon dollar həcmində dəyərləndirilir. “IDC Health Insights” in araşdırmalarına görə, 2018-ci ildə dünya üzrə səhiyyə təşkilatlarının 70 faizi distant müayinəyə və virtual yardım kimi əlavə proqramlara sərmayə qoyacaqlar.
Aynur Vəliyeva
06/02/15 Çap et