Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Aztelekom"da yeni İMS və DWDM texnologiyalarının təqdimatı keçirilib
Dünyanın ən iri telekommunikasiya kompaniyalarından biri sayılan Yaponiyanın “NEC Corporation” şirkəti “Aztelekom” İB-də yeni İMS və DWDM texnologiyalarının təqdimatını keçirib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təqdimatda ölkənin bir sıra mobil operatorları, dövlət və özəl qurumların nümayəndələri, həmçinin telekommunikasiya sahəsi ilə yaxından maraqlanan xarici ölkədən gələn qonaqlar iştirak edib.
Yaponiyadan gələn mütəxəssislər təqdimat zamanı rabitə texnologiyaları sahəsindəki yeniliklərini – İMS və DWDM texnologiyalarının üstünlüklərini nümayiş etdiriblər.
Qeyd edək ki, İMS (İP Multimedia Subsystem) – İP protokolu ilə işləyən multimedia alt sistemidir. Bu texnologiya sabit və mobil telefon şəbəkələrinin konvergensiyası üçün istifadə olunur. İMS texnologiyasının şəbəkələrdə tətbiqi müxtəlif növ multimedia xidmətlərindən həm sabit, həm də mobil şəbəkə istifadəçilərinin çox asanlıqla istifadə etmələrinə imkan yaradır.
DWDM texnologiyası – dalğa uzunluğuna görə sıxlaşdırma prinsipi ilə işləyən xüsusilə magistral transport (nəqliyyat) şəbəkələrində geniş tətbiq olunan optik texnologiyadır. Magistral transport şəbəkələrində olan böyükhəcmli trafiklərin yüksək sürətlə uzaq məsafələrə daşınmasını təmin edən müasir tipli avadanlıqdır.
Aynur Vəliyeva
06/02/15 Çap et