Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ubuntu” platformasında ilk smartfon nümayiş etdirilib
“Ubuntu” əməliyyat sistemi ilə işləyən ilk smartfon nümayiş etdirilib. Aparat “Aquaris E4.5 Ubuntu Edition” adlandırılıb.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Ubuntu” sisteminin yaradıcısı 2013-cü ilin yayından vəsait toplanılması kampaniyasına başlayıb. Məqsəd 32 milyon məbləğində vəsaitin yığılması idi. Nəticədə yalnız 12,8 milyon dollar toplanılmışdı.
Buna baxmayaraq, istehsalçılar “Ubuntu” əsaslı smartfonun buraxılış planından imtina etməyiblər. Nəticədə İspaniyanın “BQ” şirkəti “Aquaris E4.5 Ubuntu Edition” smartfonunu buraxıb. “Canonical” şirkətinin press-relizinə əsasən, aparat yaxın həftələrdə Avropada əlçatan olacaq. Qurğunun satış qiyməti 170 avro təşkil edəcək.
“Aquaris E4.5 Ubuntu Edition” smartfonu 960x540 təsvir ölçülü 4,5 düymlük ekran, 1,3 QHs takt tezlikli dördnüvəli “MediaTek” prosessoru ilə təchiz edilib. Əməli yaddaşın həcmi 1 QB təşkil edir. 8 QB tutumunda fləş yaddaş quraşdırılıb. Həmçinin 8 və 5 meqapiksellik kameralar quraşdırılıb.
Emil Hüseynov
09/02/15 Çap et