Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səlim Müslümov: “Kağız daşıyıcılardan istifadə praktikasına son qoyulacaq”


Respublikada tibbi-sosial ekspertiza sisteminin avtomatlaşdırılması sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin, əlillik müayinələri ilə bağlı göndəriş formalarının elektronlaşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən müşavirədə ƏƏSMN-in Tibbi-sosial ekspert komissiyalarının sədrləri, Səhiyyə Nazirliyinin nümayəndələri, müvafiq icra hakimiyyəti orqanlarının tibb xidmət rəisləri və Hərbi həkim komissiyalarının sədrləri iştirak ediblər.
 
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə sosial müdafiə sisteminin müasir və şəffaf fəaliyyət mexanizmləri əsasında təkmilləşdirilməsinin prioritet təşkil etdiyini vurğulayıb. Dövlət başçısının tapşırığına əsasən, nazirliyin fəaliyyət sahələrində aparılan islahatlardan söz açan S.Müslümov bu islahatların bir istiqamətinin də tibbi-sosial ekspertiza və əlillərin reabilitasiya sahəsi ilə bağlı olduğunu bildirib:
 
 “Ölkədə əlillik təyinatı prosesinin tam avtomatlaşdırılması, beləliklə, bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təmin olunması məqsədilə ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi yaradılıb. ƏƏSMN-in Kollegiyasının qərarına əsasən, 2014-cü ilin iyul ayının əvvəlindən həmin sistemin pilot olaraq tətbiqinə başlanıb. Yeni sistem əlillik müayinələrinin aparılması ilə əlaqədar müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edir”.
 
 
Nazir bildirib ki, bu islahat tədbiri səhiyyə müəssisələri tərəfindən əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) Tibbi-sosial ekspert komissiyalarına (TSEK) elektron qaydada göndərilməsini, kağız daşıyıcılardan istifadə praktikasına son qoyulmasını nəzərdə tutur:
 
“Bununla yanaşı, qeyd olunan sistem vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradılıb. Artıq TSEK-lər tərəfindən bütün əlillik müayinələrinin nəticələri barədə məlumatlar həmin bazaya yerləşdirilib. Bu baza əlillik təyinatı barədə aidiyyəti dövlət orqanı tərəfindən məlumatın artıq kağız arayış formasında deyil, elektron qaydada əldə edilməsinə imkan verir”. S.Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının bu sistemdə işləmək üçün elektron imzalarla təmin olunduqlarını və müvafiq bacarıqlara malik olmaları üçün treninqlərə cəlb edildiklərini bildirib: “Səhiyyə Nazirliyinin 27 noyabr 2014-cü il tarixli əmri ilə TSEK-lərə göndərişlərin elektron registrinin yaradılması ilə bağlı “Tibbi-sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar üçün Tibbi-sosial ekspert komissiyasına göndəriş” formaları təsdiq olunub. 2015-ci ilin 01 yanvarından TSEK-lər tərəfindən yalnız həmin göndəriş formaları qəbul edilir. Bu göndəriş formalarının daha da təkmilləşdirilməsi və ümumi elektron informasiya sisteminə inteqrasiyası bizim diqqətimizdə duran məsələlərdən biridir”.
 
 
Nazirlikdən bildirilib ki, müşavirədə tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin avtomatlaşdırılması sahəsində qarşıda duran vəzifələr, eləcə də TSEK-lərə ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qurumları tərəfindən təqdim olunan göndəriş formalarının elektronlaşdırılması məsələləri ətraflı müzakirə olunub. Bu sahədə işlərin təkmilləşdirilməsi üçün nazirliyin müvafiq struktur bölmələrinin rəhbər şəxslərinə tapşırıqlar verilib.
 
 
Həqiqət İSABALAYEVA




09/02/15    Çap et