Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ilin ən yaxşı “start up”ları müəyyənləşib


ABŞ-ın nüfuzlu “TechCrunch” nəşri internet və İT sahibkarlığında nailiyyətlərə görə növbəti illik mükafatlandırma mərasimi keçirib. Əsas nominasiyada ən yaxşı “start up” (fəaliyyətə yeni başlayan şirkət) "Uber” taksi çağırışı xidməti seçilib.  
 
"TechCrunch” ekspertləri qeyd edirlər ki, “Uber” 2009-cu ildə yaradılsa da, ötən il şirkət güclü beynəlxalq qüvvəyə çevrilə bilib. San-Fransiskoda yerləşən servis istənilən mobil qurğu vasitəsilə taksini tapmağa, çağırmağa və gediş haqqını ödəməyə imkan verir. Xidmət dünyanın 250 ölkəsində fəaliyyət göstərir.
 
Ekstremal idman növləri üçün “GoPro” videokameralar istehsalçısı “Uber”dən bir qədər geri qalıb. 2014-cü ildə “GoPro” bir neçə qurğu buraxıb və səhmlərin ilkin yerləşdirilməsini (IPO) uğurla həyata keçirib ki, bu da diqqətdən kənarda qalmayıb. Ekspertlər il ərzində kapitallaşma dəyərini iki dəfə artıran “Stripe” ödənişlər servisini də yüksək qiymətləndiriblər.
 
Daha bir nominasiyada yeni “start up” - "Product Hunt” layihəsi qalib gəlib. 2013-cü ildə yaradılan və müəllifinin Rayan Huverin olduğu layihə 2014-cü ildə məşhurlaşmağa başlayıb. “Product Hunt” hamıya sevimli məhsul və xidmətlər üçün səs verməyə imkan verir ki, bunun da nəticəsində onların reytinqi artır. Elektron poçt ilə ən yaxşı malların göndərilməsinə abunə olmaq mümkündür.
 
Ən yaxşı yeni “start up”lar nominasiyasında ikinci yeri dünyanın istənilən nöqtəsinə ucuz qiymətə bağlamaların göndərilməsi ilə məşğul olan “Shyp” xidməti tutub. Şirkət bağlamanı müvafiq ünvandan götürür, qablaşdırır və onu göndərənin adından yola salır. Sifariş üçün yalnız bir telefon zəngi kifayət edir, - "Telekomza” yazır. 




09/02/15    Çap et