Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ABI Research”: “5G” şəbəkələrində abunəçilərin sayı 2023-cü ildən aktiv şəkildə artacaq”


"ABI Research” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) inkişafı ilə bağlı proqnoz verib. Şirkət analitiklərinin qənaətinə görə, “5G” şəbəkəsinin daha tez inkişaf etməyə başlayacağı ölkələr şəhərlərdə cəmləşən çoxsaylı əhali ilə seçilir.

Bu ölkələr sırasına ABŞ, Çin, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya daxildir. Qeyd olunan dövlətlərdə həmçinin “Əşyaların interneti” texnologiyalarından istifadə edən çoxlu şirkət fəaliyyət göstərir.    
 
Mütəxəssislərin fikrincə, 100 milyon abunəçi sayına çatmaq üçün beşinci nəsil mobil rabitə şəbəkələrinə “4G” şəbəkələrindən iki il daha çox vaxt lazım olacaq. “4G” şəbəkəsi abunəçilərinin sayı smartfonların gücünün artması və “4G”-ni dəstəkləyən qurğuların mövcudluğu sayəsində əvvəlki nəsil şəbəkələrdən daha sürətlə artıb.
 
Qeyd olunur ki, qurğular və “5G” şəbəkələrinin mürəkkəb olmasına görə abunəçi sayının artımı ilk vaxtlar zəif olsa da, 2023-cü ildən sürətlənəcək və 2025-ci ilədək dünyada “5G” şəbəkəsindən istifadə edən abunəçilərin sayı 100 milyonu ötəcək, - "Computerworld” yazır. 




10/02/15    Çap et