Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yapon iş adamları Azərbaycanın İKT sektoru ilə maraqlanır


Bu il martın 4-də yapon iş adamlarından ibarət qrup növbəti dəfə Azərbaycana işgüzar səfərə gələcək. Yaponiyanın iş adamları ölkəmizdə bir sıra sahələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə əldə edilən inkişaf haqqında ətraflı məlumat almaq istəyirlər.
 
 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər Yaponiyanın Fukuşima şəhərində “Koori Logitech Co.” şirkətinin təşkilatçılığı ilə “Azərbaycan - gələcəyin ölkəsi” adlı seminarda səsləndirilib. Tədbirdə çıxış edən “World Investors TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida bildirib ki, Azərbaycan yapon iş adamlarının maraq dairəsindədir. Onun sözlərinə görə, Azərbaycanda gedən inkişaf, iqtisadiyyatın şaxələnməsi, əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi, İKT infrastrukturunun genişləndirilməsi yapon iş adamlarının diqqətini çəkir.  K.İşida ölkəmizdə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edərək qarşılıqlı əməkdaşlıqdan hər iki tərəfin böyük xeyir götürəcəyini xüsusi vurğulayıb.
 
 
Qeyd edək ki, sözügedən seminarın təşkilində məqsəd həmin iş adamlarını, həmçinin tədbirə qatılan digər iştirakçıları regionun sürətlə inkişaf edən bu ölkəsi haqqında ətraflı məlumatlandırmaqdır.
 
Seminarda Azərbaycanın iqtisadiyyatı haqqında ətraflı məlumat verilib, aparıcı sahələr və son illər müşahidə olunan dinamik inkişaf barədə geniş danışılıb. Bildirilib ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəəti iqtisadiyyatın tərəqqisinə bacarıqla yönəltməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir. Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirirlər.
 
Təqdimatda Azərbaycanda biznes imkanları, ölkəmizə investisiya qoyuluşunun əlverişliliyi barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda əlverişli biznes mühitinin yaradılması istiqamətində son illər mühüm irəliləyişə nail olunub. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş proseduralar, “Vahid pəncərə” sisteminin tətbiqi kiçik və orta sahibkarlığın təşviqində əhəmiyyətli rol oynayıb.
 
 
SEYMUR




11/02/15    Çap et