“Kulturaplus” İnternet Televiziyasının açılışı olub
Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin təsisçiliyi ilə “Mədəniyyət Plus” İctimai Birliyinin nəzdində yaradılan “Kulturaplus” İnternet Televiziyasının rəsmi açılışı olub.
Açılış mərasimində Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, ictimaiyyət xadimləri və KİV nümayəndələri iştirak edib.
Əvvəlcə televiziyanın redaksiyaları, studiyaları ilə tanışlıq olub və sonra TV haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, “Kulturaplus” TV Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi ilə yaradılaraq Azərbaycanın maarifçilik ənənələrinə uyğun olaraq keçmişimizi, milli mənəvi, dini dəyərlərimizi, mədəni irsimizi öyrənməyi, multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin təbliğini qarşısına məqsəd qoyub.
Burada, eyni zamanda dünya ictimaiyyəti üçün önəmli şəxsiyyətlərin – siyasətçilərin, incəsənət nümayəndələrinin və ictimai xadimlərin Azərbaycan haqqında fikirləri səslənəcək. Onlar ölkəmizə olan münasibətləri ilə dünyada Azərbaycan həqiqətlərinin daha effektiv yayılmasını təmin edəcəklər.
Vurğulanıb ki, televiziyanın rəsmi internet ünvanında (
http://kulturaplus.az/) əsasən Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun, Bakı Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin layihələri və fəaliyyəti əks olunur. Bu TV-də materialların azərbaycan, rus və digər dillərdə olacağı qeyd edilərək bildirilib ki, maarifçilik, mədəniyyət, siyasi həqiqətlər, multikultural həyat tərzi bu gün bütün dünyanı ciddi düşündürən məsələlərdəndir.
Bu baxımdan “Kulturaplus” TV dünyanın istənilən nöqtəsindən müraciət edə bilən və dil baryeri ilə qarşılaşmayan auditoriya üçün açıq bir teleməkana çevriləcək. Rusdilli və ingilisdilli tamaşaçılar “Kulturaplus” televiziyasında həm Azərbaycan, həm də bütövlükdə dünya barəsində maraqlı və faydalı verilişləri izləyəcək. Televiziyanın son hədəfi dünyanın müxtəlif ölkələrindəki izləyiciləri Azərbaycanın dostlarına çevirməkdir.
Sonda “Kulturaplus” TV-nin məqsədləri, hədəfləri haqqında tanıdım video çarxı nümayiş etdirilib.
SEYMUR