“IBM”: “Tanışlıq üçün əlavələr korporativ məlumatları riskə məruz qoyur”
İş smartfonlarında tanışlıq üçün əlavələrdən istifadə edən milyonlarla insan özünü və həmkarlarını riskə məruz qoyur.
Belə ki, “IBM” şirkətinin tədqiqatına görə, tanışlıq üçün təhlil edilən “Android” mobil əməliyyat sistemli 41 proqramın 26-sında cinayətkarlar tərəfindən izləmə və fərdi məlumatların oğurlanması məqsədilə istifadə edilə biləcək boşluqlar aşkarlanıb. Ekspertlər söhbətin hansı əlavələrdən getməsini dəqiqləşdirməsələr də, qeyd ediblər ki, artıq istehsalçılar aşkar olunmuş problemlər barədə məlumatlandırılıb.
“IBM” mütəxəssisləri müəyyən ediblər ki, tanışlıq üçün boşluğa həssas proqramlar tədqiq edilən şirkət əməkdaşlarına məxsus qurğuların 50 faizində quraşdırılıb. “BYOD” (bring your own device) konsepsiyası çərçivəsində əməkdaşlar həm iş, həm əyləncə üçün eyni smartfon və planşetdən istifadə etməklə fərdi və korporativ məlumatların təhlükəsizliyi üçün təhdidlər yaradırlar.
Ekspertlərin sözlərinə görə, “BYOD”-un başlıca problemi ondan ibarətdir ki, konsepsiya lazımi səviyyədə idarə olunmasa, əməkdaşların şəxsi qurğuları vasitəsilə korporativ məlumatların sızması baş verə bilər.
Tanışlıq üçün əlavədə cinayətkar özünü görüş məqsədilə potensial obyekt kimi qələmə verə və istifadəçiyə saxta fişinq məktubları göndərə bilər. Bundan başqa, boşluqlardan istifadə hakerlərə qurğunun kamerası və mikrofonu üzərində nəzarəti tam ələ keçirməyə və istifadəçini izləməyə imkan verir, -
"SecurityLab” yazır.