Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakı 2015” Avropa Oyunlarının yayımlanması üçün daha iki ölkə ilə yayım sazişi bağlanılıb
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Yunanıstan və Finlandiyada nümayiş etdirilməsini təmin etmək üçün yayım sazişlərini imzalayıb.
Yunanıstanda əsas ictimai yayım təminatçısı olan "NERIT" (New Hellenic Radio, Internet and Television) televiziya və onlayn platformaları vasitəsilə birinci Avropa Oyunlarının gündəlik olaraq canlı yayımını təmin edəcək, eyni zamanda, möhtəşəm "Açılış" və "Bağlanış" mərasimlərini yayımlayacaq.
Finlandiyanın ödənişsiz milli yayım şirkəti olan "Yle" "Açılış" və "Bağlanış" mərasimlərinin, eyni zamanda, gündəlik olaraq yarışların canlı yayımını təmin edəcək və yarışların ən parlaq məqamlarından ibarət videomaterialları nümayiş etdirəcək.
Sözügedən stansiya yerli yayım şirkəti olan "International Sports Broadcasting"-in vebsayt və rəqəmsal platformaları vasitəsilə də Oyunların 800 saatlıq canlı yayımını təmin edəcək. Təşkilat Komitəsindən bildirilib ki, indiyə qədər bağlanmış yayım müqavilələri əsasında
Avropa Oyunlarını yayımlayacaq ölkələrin sayı 49-a çatıb. Bu isə bir milyarddan artıq tamaşaçının yarışları izləyəcəyi deməkdir.
Qeyd edək ki, Avropa Yayım İttifaqının üzvü olan "NERIT" şirkətinin əsası 2013-cü ilin iyun ayında, Yunanıstanın keçmiş ictimai yayım təminatçısı "ERT" yayım şirkəti ləğv edildikdən sonra qoyulub. Əsası 1926-cı ildə qoyulmuş "Yle" şirkəti də Avropa Yayım İttifaqının üzvüdür və Finlandiyada keçirilən Olimpiya və Qış Olimpiya Oyunlarını yayımlamaq hüququna malikdir.
Həqiqət İSABALAYEVA
13/02/15 Çap et