Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanda əlil və görmə qabiliyyəti zəif olan insanlar Brayl monitorları ilə internetə daxil olaraq informasiya əldə edəcəklər
Son illərdə ölkədə əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması, sosial təminat və tibbi-sosial təminat sisteminin avtomatlaşdırılması sahəsində aparılan islahatlar bu sahələrdə əhaliyə şəffaf və müasir iş mexanizmləri üzərində keyfiyyətli xidmətlər göstərilməsinə yönəlib. Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Naxçıvan Muxtar Respublikasına səfəri zamanı qeyd edib.
Nazirlikdən bildirilib ki, S.Müslümov səfər çərçivəsində Məhdud Fiziki İmkanlı İnsanlar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Müasir tələblər səviyyəsində tədris və xidmət şəraitinin mövcud olduğu Mərkəz Naxçıvan şəhəri daxil olmaqla muxtar respublikanın 7 rayonunda yaşayan məhdud fiziki imkanlı insanlar istifadə edə bilir.
İkimərtəbəli mərkəzdə kompüterlə təchiz olunmuş tədris otaqları, subtitrli filmlərin nümayiş olunduğu kinozal, audiostudiya, istirahət otağı, iclas zalı və s. fəaliyyət göstərir. Burada gözdən əlil və görmə qabiliyyəti zəif olan insanların “Brayl” monitorları ilə internetə daxil olaraq informasiya əldə etmələri və informasiyanı “Brayl” printerləri ilə çap etmələri, həmçinin “Brayl” şriftli kitablardan ibarət guşədə xüsusu avadanlıqlarla hər hansı məlumatı kompüterə köçürüb səsləndirmələri və s. üçün lazımi şərait var. Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncə şəhərində və Yevlax rayonunda da məhdud fiziki imkanlı insanlar üçün Regional İnformasiya Mərkəzləri yaradılıb.
Daha sonra Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də olan S.Müslümov nazirliyin fəaliyyəti, iş şəraiti ilə yaxından tanış olub. Nazirlik tərəfindən sosial müdafiə sisteminin təkmilləşdirilməsi, iş sahələrində şəffaflığın təmin olunması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi, əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyatdan keçirilməsi və digər sahələrdə görülən işlər müzakirə edilib.
Həqiqət İSABALAYEVA
13/02/15 Çap et