Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın telekommunikasiya sahəsində əməkdaşlıq təklif edir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndə heyəti ilə görüş keçirilib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə son illərdə respublikanın telekommunikasiya sektorunda görülən işlər, əldə olunan nailiyyətlərdən söz açılıb, həyata keçirilən əhəmiyyətli layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizlə tərəfdaşlıqda həyata keçirilən layihələrdən danışan AYİB-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn Azərbaycanın telekommunikasiya sektorundakı inkişafı xüsusi vurğulayaraq, bu sahədə RYTN və aidiyyəti müəssisələrlə əməkdaşlığın aparılmasında maraqlı olduqlarını bildirib.
Ölkənin telekommunikasiya sektoruna gələcək investisiya imkanlarından da söz açan N.Makkeyn hazırda AYİB tərəfindən üç istiqamətdə, o cümlədən dövlət mülkiyyətində olan telekommunikasiya operatorlarının özəlləşdirmə prosesində texniki hazırlığının artırılması, sahə üzrə normativ hüquqi bazanın və tənzimləmə mexanizminin təkmilləşdirilməsi məqsədilə məsləhət xidmətlərinin təklif edildiyini nəzərə çatdırıb.
Qeyd olunanlarla bağlı son illərdə respublikamızda aparılan işlərdən söz açan nazir Əli Abbasov AYİB tərəfindən irəli sürülən təklifi yüksək qiymətləndirib və daha sonra bu istiqamətdə əməkdaşlığın qurulması yolları müzakirə olunub.
13/02/15 Çap et