Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya Sisteminin rayon MKS-lərinə tətbiq olunmasına başlanılıb


Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya Sisteminin (ALİSA) Azərbaycan Milli Kitabxanası (AMK) tərəfindən rayon mərkəzi kitabxana sistemlərinə (MKS) tətbiq olunmasına başlanılıb. Artıq Gəncə şəhər və Ağdaş rayon MKS-lərinə ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin quraşdırılması həyata keçirilib.
 
Bu məqsədlə Milli Kitabxananın Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva, İnfrastrukturun təşkili və proqram təminatı şöbəsinin baş kitabxanaçısı İlahə Quliyeva, “Ultra” şirkətinin əməkdaşları Səbinə Qəmbərova və Kənan Səmədli sözügedən ərazilərə ezam ediliblər. Kitabxanadan bildirilib ki, ezamiyyə müddətində hər iki regionda ALİSA sisteminin quraşdırılması üçün ayrılmış kompüterlər işlək vəziyyətə gətirilib və internet vasitəsilə onlar sistemə qoşulublar. Sonra hər iki rayonda bütün əməkdaşlar üçün ALİSA-da işləmək vərdişlərini öyrətmək məqsədilə treninq təşkil edilib və  işçilər təlimatlandırılıblar.
 
 
Qeyd edək ki, Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi Milli Kitabxana və Mədəniyyət və Turizm Nazirliyinin birgə məhsuludur. “Ultra” şirkəti bu sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanıb, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işləyib. Hazırlanmış ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC 21, ISO 2709, UNICODE, Z 39.50 və digər standart və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.
 
Birgə layihə olan ALİSA sistemi Milli Kitabxana tərəfindən digər rayon MKS-lərinə də tətbiq olunacaq. Proqram komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat və statistika və digər modullardan ibarətdir.
 
Bütün proseslərin reallaşdırılması üçün Azərbaycan Milli Kitabxanasında “Vahid Elektron Kitabxana Qeydiyyat və Məlumatların İdarəedilməsi Sistemi” üzrə avadanlıqların tətbiqi və proqram təminatının yaradılması işləri həyata keçirilib, kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların məlumatlarının idarəedilməsi və qorunması üçün ekranlaşdırılmış server otağı (“DATA” Mərkəz) yaradılıb.
 
 
Həqiqət İSABALAYEVA




14/02/15    Çap et