İnternetdən daha çox nə satın alınır?
Bu yaxınlarda keçirilən tədqiqatın nəticələrinə görə, geyim, kitablar, elektronika və kosmetika dünyada istifadəçilərin internetdə aldıqları populyar mallar kateqoriyası sırasına daxildir.
Hazırda dünyada onlayn alışın illik həcmi 1 trilyon dollar qiymətləndirilir. “Forrester Research” agentliyinin və “FedEx” logistika şirkətinin birgə tədqiqatında bu rəqəmin 2019-cu ilədək iki dəfə artacağı proqnozlaşdırılır. Elektron ticarətdə bütün alışların xeyli hissəsinə transsərhəd daşımalar daxildir.
Dünyada rəyi soruşulanların 82 faizi bildirib ki, xarici ölkələrin internet mağazalarında alış-veriş edir. Bu göstəricilər regionlar üzrə cüzi dəyişir. Belə ki, Kanadada xarici internet mağazalarında alış-veriş edən istifadəçi göstəricisi 90, Yaponiyada 59 faiz təşkil edir. Bu alıcılar transsərhəd alışlara ildə orta hesabla 300 dollar xərcləyir.
Onlayn alışda əsas ticarət istiqamətləri ABŞ, Çin və Böyük Britaniyadır. Bu ölkələr 2014-cü ildə əsas onlayn alış ixracatçısı olub. Kanadalılar Cənubi Amerika ölkələrinin sakinləri kimi, ABŞ-dan mal sifariş edirlər. Avropalılar Avropa İttifaqının (Aİ) internet-mağazalarında alış etməyə üstünlük verirlər, halbuki Britaniya şirkətləri malları ilk növbədə ABŞ və Avstraliyaya çatdırırlar. Həmçinin Yaponiya və Cənubi Koreya sakinləri qeyd edirlər ki, qonşu ölkələrdən daha çox ABŞ-dan alış-veriş edirlər.
Tədqiqata görə, alıcılar iri pərakəndə satış şirkətlərinin və beynəlxalq ticarət mağazalarının mallarına üstünlük verirlər. Ölkələrin əksər respondentləri vurğulayıb ki, ilk növbədə iri onlayn mağazaların mallarına baxırlar. Bu baxımdan kiçik ticarətçilər üçün beynəlxalq onlayn ticarət bazarına çıxış üçün ən yaxşı qərar mağazanın bu internet mağazalarının birində yerləşdirilməsidir.
Qeyd olunur ki, transsərhəd ticarətin inkişafı üçün əsas maneə yüksək vergilər və rüsumlardır.
Tədqiqat zamanı 17 ölkənin 9 min respondentinin rəyi öyrənilib, -
"Payspacemagazine” yazır.