ABŞ-ın pərakəndə ticarət şirkətləri təhlükəsizliyə xərcləri artırır
ABŞ-ın pərakəndə ticarət sahəsində fəaliyyət göstərən sahibkarları 2014-cü ildə istifadəçilərin təhlükəsizliyinin mühafizəsinə xərcləri xeyli artırıblar. Belə ki, ötən il pərakəndə ticarət şirkətləri kibercinayətkarlıqla mübarizəyə 2013-cü ildə sərf etdiklərindən 38 faiz çox vəsait xərcləyiblər.
“Lexis Nexis” tədqiqat şirkətinin məlumatına görə, pərakəndə şəbəkələrdə ödəniş fırıldaqçılığından mühafizə ilə bağlı illik xərclər 2014-cü ildə 32 milyard dollara çatıb. Ötən il ümumilikdə təhlükəsizliyə xərclər pərakəndə ticarət şirkətlərinin mədaxilinin 0,68 faizinə bərabər olub. Bu göstərici 2013-cü ilin nəticəsindən 17 faiz yüksəkdir.
Alıcıların ödəniş informasiyasının mühafizəsinə xərclərin artmasına iki amil səbəb olub. Bunlar pərakəndə satış həcminin 3,75 faiz yüksəlməsi və kibertəhdidlərin sayının artmasıdır.
Bununla yanaşı, pərakəndə ticarət şirkətləri ödəniş terminallarını modernləşdirirlər. 2015-ci ilin sonunadək terminalların yarıdan çoxu “EMV” adlandırılan təhlükəsizlik standartına uyğun olacaq və tranzaksiyaları kontaktsız həyata keçirəcək. Fırıldaqçılar tranzaksiyalar zamanı kart rekvizitlərini ələ keçirməkdə, eləcə də bank kartlarına quraşdırılan mikroçip sayəsində ödəniş alətlərini saxtalaşdırmaqda çətinliklərlə üzləşəcəklər, -
“Payspacemagazine” yazır.