Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir müavini: “Bu gün Azərbaycanda kənd təsərrüfatı texnikalarının alınmasında müraciətlər onlayn rejimində həyata keçirilir”
"Bu gün Azərbaycanda kənd təsərrüfatı texnikalarının alınmasında müraciətlər onlayn rejimində həyata keçirilir. Bu da fermerlərə imkan verir ki, vaxtında müraciət edərək, lazım olan texnikanı əldə edə bilsinlər".
Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov söyləyib. Nazır müavini bildirib ki, müraciətlərin onlayn şəkildə qəbul edilməsi əhalinin işini asanlaşdırmaqla yanaşı, onların vaxt itkisinin qarşısını alıb. Kənd Təsərrüfatı Nazirliyində elektronlaşdırma istiqamətində aparılan işlərdən danışan S.Talıbovun sözlərinə görə, xidmətlərin elektronlaşdırılması fermerlər tərəfindən yüksək qiymətləndirilir.
O, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışaraq, xüsusilə ölkə başçısı tərəfindən fermerlərə ayrılan vəsaitlər hesabına ən müasir Avropa istehsalı olan kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilərək sahibkarlara verilməsi, texnikaların ilkin dəyərinin 40 faizinin, gübrələrin 70 faizinin dövlət tərəfindən ödənilməsi barədə geniş məlumat verib.
Nazir müavini bildirib ki, ötən il 1085 ədəd traktor güzəştli şərtlərlə fermerlərə təqdim olunub. Bu il də ilkin müqavilə əsasında 600 ədəd traktorun verilməsi nəzərdə tutulur.
Seyfəddin Talıbov güzəştlərin tətbiq olunmasının son nəticədə fermerlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına, əhalinin daxili istehsal hesabına ərzaqla təmin olunmasına öz töhfəsini verəcəyini xüsusi vurğulayıb.
SEYMUR
17/02/15 Çap et