ABŞ Hesablama Palatası: “Federal İT layihələrində milyardlarla büdcə vəsaiti boşuna xərclənir”
ABŞ Hesablama Palatası (U.S. Government Accountability Office, GAO) federal İT layihələrində ciddi problemlərin olmasını açıqlayıb.
Belə ki, palata “High Risk List” hesabatına ilk dəfə ABŞ-ın İT layihələrinə həsr edilən bölmə daxil edib. İki ildə bir dəfə dərc edilən “High Risk List” ABŞ hakimiyyətinin ölkə büdcəsi üçün böyük risklər yaradan işlərinə həsr olunub.
Federal İT layihələri ilə yanaşı, “High Risk List 2015” hesabatında keçmiş hərbçilərə tibbi xidmətin göstərilməsi haqqında bölmə yaradılıb. Hazırda hesabatda fırıldaqçılıq, artıq xərc, sui-istifadə və səhv idarəetmə üzrə 32 yüksək riskli bölmə yer alıb.
“Federal İT layihələri bəzən başa çatdırılmır, əlavə vəsaitlər xərclənir və ya müddətində təhvil verilmir ki, bunun da nəticəsində onların mühüm məsələlərin həllində faydası az olur”, - ABŞ Hesablama Palatasının rəhbəri Yucin Dodaro deyib.
“Hesablama Palatası aşkar edib ki, federal hakimiyyət keyfiyyətsiz idarəetmə səbəbindən milyardlarla vəsaiti uğursuz İT layihələrinə və səmərəsiz layihələrə xərcləyir”, - hesabatda bildirilir. Son beş ildə Hesablama Palatası tərəfindən bu sahədə 730 tövsiyə verilib, lakin 2015-ci ilin yanvarına olan vəziyyətə görə, hakimiyyət bunun dörddə bir hissəsindən istifadə edib.
Hesabatda Hesablama Palatasının diqqətini daha çox cəlb edən bir neçə layihə qeyd olunur. Bunlar ABŞ Hərbi Hava Qüvvələrinin resurslarının və logistikasının idarəetmə sistemi, sərhəd xidmətlərinin işinin avtomatlaşdırılmış idarəetmə sistemi, Veteranların İşi üzrə Nazirliyin maliyyə və logistikasının idarəetmə sistemi və ABŞ hökumətinin kadrların avtomatlaşdırılmış idarəetmə sistemidir.
“High Risk List 2015” hesabatında həmçinin "Healthcare.gov” saytı, ABŞ Nəqliyyat Nazirliyinin hava gəmilərinin idarəetmə sistemi və Müdafiə və Veteranların İşi üzrə nazirliklərdə tibbi kartların saxlanılması sistemi sadalanır, -
"CNews” yazır.