Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşların etik müvəkkillərə elektron müraciətini asanlaşdırmaq üçün domen alınıb


Elektron hökumətə keçidlə əlaqədar olaraq vətəndaşların dövlət orqanlarında təyin edilən etik müvəkkillərə elektron müraciət edə bilməsinin asanlaşdırılması məqsədilə “Etik.az” domeni alınıb.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın etik davranış məsələləri ilə bağlı 2014-cü il üzrə hesabatında əksini tapıb.
 
 
Hesabata əsasən, domen əsasında müvafiq dövlət orqanlarında fəaliyyət göstərən etik müvəkkillər üçün elektron ünvanlar açılıb və həmin orqanların internet saytı vasitəsilə qeyd edilən domenə çıxış imkanları yaradılıb. Bununla da vətəndaşların dövlət orqanları üzrə müəyyən edilmiş etik müvəkkillərə birbaşa elektron qaydada müraciət etmək imkanları yaradılıb. Bu sistem etik məsələlər üzrə müraciətlərin araşdırılmasını nəzarətdə saxlamağa və bununla da etik şikayətlərin daha effektiv araşdırılmasına imkan verir.
 
 
Həmçinin etik məsələlərlə bağlı komissiyaya (etik müvəkkilə) müraciət etmək üçün “dqmk@etik.az” elektron ünvanı yaradılıb və vətəndaşların istifadəsinə verilib. Qeyd edilən xidmət vasitəsilə vətəndaş tərəfindən edilən müraciətlərin aidiyyəti dövlət orqanının etik müvəkkilinə operativ olaraq göndərilməsi və həmin müraciətlərin araşdırılması nəzarətdə saxlanılıb.
 
 
Bütün bunlarla yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən etik məsələlərlə bağlı məlumatların daha operativ qaydada komissiyaya təqdim edilməsinin təmin edilməsi məqsədilə “Etik davranış məsələləri üzrə məlumatın təqdim edilmə Forması”nın elektron doldurulması üçün xüsusi proqram təminatı hazırlanıb və komissiyanın rəsmi internet saytında yerləşdirilib. Dövlət orqanları bu proqram təminatı vasitəsilə həmin orqanlarda keçirilmiş maarifləndirmə tədbirləri, etik pozuntular və bu pozuntulara görə tətbiq edilmiş intizam tənbeh tədbirləri barədə məlumatları komissiyaya təqdim edirlər.
 
 
CAHANGİR




18/02/15    Çap et