Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” adı altında keçirilən petisiya başa çatıb
"Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" adı altında keçirilən petisiya artıq başa çatıb.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev özü məlumat verib.
Azərbaycanın milli maraqları və əli Azərbaycan xalqının qanına bulaşmış cinayətkarların cəzalandırılması istiqamətində keçirilən petisiyada səslərin tez bir zamanda toplandığını qeyd edən millət vəkili bu işdə əməyi olan hər bir kəsə, Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinə, rabitə və təhsil işçilərinə göstərdikləri fədakarlığa görə minnətdarlığını ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başladığı sözügedən kampaniyaya reaksiyanın yalnız Azərbaycandan deyil, eyni zamanda xarici ölkələrdən də gəldiyini söyləyən A.Quliyevin sözlərinə görə, Ermənistan hakimiyyətinin əsl siması bəlli olan bütün insanlar petisiyaya qoşulub:
"Bu prosesi hər gün yaxından izləyən əməkdaşların verdikləri məlumata görə, Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər tapıldı. Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi".
A.Quliyev əlavə edib ki, diqqət çəkən məqamlardan biri də Ermənistan vətəndaşlarının Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınmasına səs verməsi olub: "Təbii ki, burada diqqətimizi cəlb edən Sərkisyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sərkisyanın ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər".
A.Quliyev onu da qeyd edib ki, Azərbaycan xalqının başına gətirilmiş XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımında birbaşa, habelə dolayısı ilə iştirak etmiş hər bir cinayətkar gec-tez haqlı cəzasını alacaq və onlar ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdindəki İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət məqsədilə "Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasına start verilmişdi. Məqsəd Xocalı hadisələrinin birbaşa iştirakçısı olan Serj Sərkisyanın beynəlxalq cinayətkar kimi tanıdılmasıdır.
SEYMUR
18/02/15 Çap et