Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir “Caspian European Club”-un təşkilatçılığı ilə keçirilən “Biznes forum”da iştirak edib
“Caspian European Club”-un təşkilatçılığı, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə Bakıda “Biznes forum” keçirilib.
Özəl sektor nümayəndələrinin qatıldığı forumda nazir Əli Abbasov Azərbaycanda gedən ümumi iqtisadi artım fonunda informasiya-kommunikasiya texnologiyaları (İKT) istiqamətinin roluna toxunaraq, ölkə iqtisadiyyatında baş verən inkişafın İKT sahəsində bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını bildirib.
Sektor üzrə dayanıqlı, dinamik inkişaf tendensiyasının 2014-cü ildə də davam etdiyini vurğulayan nazir ildən-ilə artan göstəricilərə görə beynəlxalq reytinqlərdə Azərbaycanın ön yerlərə qalxdığını, o cümlədən Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında ölkəmizin “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə 49-cu yerə yüksəldiyini nəzərə çatdırıb. Qarşıya qoyulan prioritetlərdən də söz açan Ə.Abbasov rəqəmli iqtisadi sektorun gələcək inkişafında yüksək texnologiyalara əsaslanan, ixrac potensialının gücləndirilməsinə yönələn innovativ, rəqabətə davamlı məhsul və xidmət istehsalının əsas hədəflərdən olduğunu bildirib. İnnovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımların atıldığını da xatırladan nazir xüsusən son illər elmi-texniki və sənaye parkları şəbəkəsinin yaradıldığını, bu parklarda xüsusi iqtisadi rejim, o cümlədən güzəştli vergi və gömrük şərtlərinə əsaslanan yüngülləşdirilmiş işgüzarlıq mühitinin formalaşdırılmasına başlanıldığını qeyd edib. İnnovativ sahibkarlığın inkişafı məqsədilə maliyyə resurslarına çıxışın asanlaşdırılmasından da söz açan nazir Azərbaycan kimi daxili bazarı kiçik olan ölkələrdə bazarın genişləndirilməsinin də vacib şərtlərdən olduğunu diqqətə çatdırıb.
Çıxışdan sonra “Caspian European Club”-un İcraiyyə Komitəsinin qərarına əsasən, nazir Əli Abbasovun klubun fəxri üzvü seçildiyi elan edilib. Üzvlük sertifikatını nazirə “Caspian European Club”-un baş icraçı direktoru Telman Əliyev təqdim edib. Daha sonra forum nazir və İT sektorunu təmsil edən özəl qurumların nümayəndələri arasında dialoq şəklində davam etdirilib.
Qeyd edək ki, “Caspian European Club” regional təşkilat olaraq, 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.
“Caspian European Club”-un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Dünyanın 50 ölkəsindən təşkilat və 5 mindən artıq şirkəti öz sıralarında birləşdirən klub dövlət qurumları ilə özəl sektor arasında səmərəli dialoqun qurulması istiqamətində fəal iş aparır.
Həqiqət İSABALAYEVA
18/02/15 Çap et