Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gözdən əlil şəxslər brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsinə yiyələnəcəklər


Gözdən əlil şəxslər brayl sistemi əsasında ofis proqramları üzrə kompüter istifadəçisi peşəsinə yiyələnəcəklər. Bu barədə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) qeyd edilib ki, hazırda əlilliyi olan şəxslərin, o cümlədən gözdən əlil şəxslərin  əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasına cəlb olunmasına xüsusi diqqət yetirilir.
 
Bu istiqamətdə aparılan işlərin davamı olaraq, ƏƏSMN tərəfindən daha 48 nəfər gözdən əlil şəxs peşə hazırlığı kurslarına cəlb olunub və artıq növbəti həftənin əvvəlindən kurslara başlanacaq. Onlardan 24 nəfəri xüsusi vasitələrlə ingilis dili üzrə peşə təlimi keçəcəklər. Digər 24 nəfər gözdən əlil şəxs isə kompüter istifadəçisi peşəsinə yiyələnəcəklər.
 
Hər iki peşə hazırlığı kursu xüsusi təchiz olunmuş sinif otaqlarında təşkil olunacaq. 
 
 
Xatırladaq ki, ötən il ƏƏSMN-in xətti ilə ümumilikdə 3800 nəfərədək vətəndaş peşə hazırlığı kurslarına cəlb olunub. Həmin insanlardan 381 nəfərini əlilliyi olan şəxslər təşkil edib ki, onların 60 nəfəri gözdən əlil şəxslərdir. Əlilliyi olan şəxslərin 272 nəfəri ƏƏSMN-in Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təliminə cəlb edilib.
 
Peşə hazırlığına cəlb olunan və təlimi uğurla başa vuran  əlilliyi olan şəxslərin yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması istiqamətində də  məqsədyönlü işlər görülür.
 
 
Həqiqət İSABALAYEVA




21/02/15    Çap et