Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənli: “Azərbaycanın “İKT ölkəsi”nə çevrilməsi üçün adekvat tədbirlər həyata keçirilir”
Müsahibimiz “Azərfon” şirkətinin İT üzrə baş direktoru Xəyyam Həsənlidir.
- Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafını necə qiymətləndirirsiniz?
- Son zamanlar İKT sahəsinə Azərbaycan hökuməti tərəfindən göstərilən diqqət və qayğı sahənin inkişafına təkan versə də, hələ “İKT ölkəsi”nə çevrilməyimiz üçün müəyyən işlər görmək lazımdır.
Bunun üçün münbit şərait yaradılmalı və müvafiq tədris ocaqlarında mütəxəssislər hazırlanmalıdır. Hazırda hər iki sahədə bunun üçün adekvat tədbirlər həyata keçirilir.
Lakin dövlət strategiyasına uyğun olaraq müəyyən müddətdən sonra İKT gəlirlərinin neft və qaz gəlirlərini keçməsi üçün İKT sahəsində çalışan şirkətlərin daxili və xarici bazarlara çıxarmaq üçün kifayət qədər rəqabətə dayanıqlı məhsul və xidmət paketlərinin olması mütləq lazımdır.
- İKT sahəsində inkişaf hədəflərinə çatmaq üçün ölkədə kifayət qədər səriştəli kadrlar varmı? İT mütəxəssislərinin inkişaf imkanlarını necə dəyərləndirirsiz?
- Sevindirici haldır ki, artıq səriştəli kadrların ölkədən axını əvvəlki səviyyədə deyil. İndi yerli mütəxəssislər ölkədə fəaliyyət göstərən şirkətlərdə çalışmağa üstünlük verirlər.
Qururla deyə bilərəm ki, “Azərfon”da İT şöbəsi bütövlükdə yerli kadrlardan komplektləşdirilib. Amma buna baxmayaraq, yeni tələb olunan mütəxəssislərin tapılmasında çətinliklər olur.
Bunu aradan qaldırmaq üçün atılan ciddi addımlardan biri şirkətimizin İnsan Qaynaqları şöbəsi tərəfindən hazırlanmış “Yay təcrübə” proqramıdır. Bunun üçün ali təhsil ocaqları ilə sıx əlaqədə iş aparılır.
Çalışqan və bacarıqlı məzunlar təcrübəyə cəlb olunurlar. Təcrübəni müvəffəqiyyətlə keçmiş namizədlər işlə təmin olunurlar. Buna nümunə olaraq keçənilki təcrübə proqramını göstərmək olar.
Proqramın sonunda 1 nəfər İT departamentində işlə təmin olunub. Builki proqram çərçivəsində İT departamentində artıq 4 namizəd təcrübə keçməkdədir.
Bu tip proqramlar gənc mütəxəssislərin inkişafında mühüm rol oynayır. Sözsüz ki, cəmiyyətə biznes tərəfindən belə təkliflərin çox olması inkişaf imkanlarını daha da genişləndirir.
- İT mütəxəssislərini “Azərfon”da cəlb edən nədir?
- Düşünürəm ki, işləmək və bacarıqlarını göstərmək üçün, eyni zamanda mütəxəssislərə öz ixtisaslarını artırmaq üçün kifayət qədər müsbət mühit yarada bilmişik. Bunlar da hər bir məqsədli mütəxəssis üçün ən mühüm amillərdəndir.
Digər tərəfdən, bilirsiniz ki, müasir telekommunikasiya çox sürətlə və dinamik inkişaf edən sahədir. Bu inkişafın önündə də informasiya texnologiyalarının getdiyini nəzərə alsaq, qeyd olunan mühitdə işləmək və inkişaf etmək istəyini və həyəcanını başa düşmək olar.
- “Azərfon”un mobil rabitə bazarında mövqeyini necə görürsünuz?
- Rəqiblərinə nisbətən “Azərfon” ölkənin mobil bazarına xeyli gec daxil olsa da, ən sürətlə inkişaf edən mobil operator olaraq çox tez bir zamanda ciddi rəqibə çevrilmişdir. Bizim “Nar Mobile” ticarət nişanı özünün ən sərfəli, şəffaf və innovativ xidmət və məhsulları ilə tanınır. Şəbəkəmiz Azərbaycanın 80%-ni əhatə edir.
Bu il “Azərfon” şəbəkənin tam müasirləşməsinə daha 80 milyon dollar sərmayə yatırır. “Azərfon” daima ən yeni texnologiyaların tətbiqinə üstünlük vermişdir. İlk dəfə olaraq “Nar Mobile” manat əsaslı ödəmə sistemi tətbiq etmişdir.
Daha sonra Azərbaycanda ilk “3G” xidmətlərini, yəni sürətli mobil internet xidmətlərini “Azərfon” tətbiq etmişdir.
200.000-dən artıq abunəçimiz bu xidmətlərdən müntəzəm olaraq yararlanır. Bu texnologiyaların sayəsində şirkət bazara kifayət qədər yeniliklər gətirmişdir.
Müasir texnologiyaların tətbiqi ilə yanaşı, şirkət həm də abonentlərinə verdiyi xidmətlərin istifadə sadəliyinə, keyfiyyətinə və qiymət uyğunluğuna ciddi diqqət yetirməkdədir.
- İT sahəsində təhsil alan tələbələrə uğurlu karyera qurmaq üçün nə tövsiyə edərdiz?
- Bilirsiniz ki, informasiya texnologiyaları hal-hazırda çox “dəbdə” olan sahədir. Bu da ehtiyacdan irəli gəlir. Çünki hal-hazırda informasiya texnologiyalarından istifadə etməyən sahə yoxdur.
Bu da İT təhsili alan tələbələrə uyğun iş tapmaq üçün daha böyük imkanların olması deməkdir.
Buna baxmayaraq onu nəzərə almaq lazımdır ki, İT çox mürəkkəb və çoxşaxəli sahədir.
Hədəfdə olan şaxənin erkən və müvəffəqiyyətli seçimi gələcək mütəxəssislərin məqbul səviyyəyə daha tez çatmasına imkan verir. Tələbələrə bu seçimi etdikləri zaman çox diqqətli və təmkinli olmalarını tövsiyə edərdim.
06/09/11 Çap et