Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünvanlı sosial yardımların təyinatında avtomatlaşdırılmış sistemə keçid üçün texniki hazırlıq işlərinə başlandı


Ölkə başçısının fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılmaqla, bu yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması üçün yaxın beş ay ərzində texniki infrastrukturun hazırlanması təmin ediləcək.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov fərmanın icrası məsələləri ilə əlaqədar keçirilən mətbuat konfransında məlumat verib. Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Elektron Hökumət" portalının operatoru - Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov və "Azərpoçt" MMC nin baş direktorunun müavini Sübhan Kazımov iştirak ediblər.
 
 
Dövlət başçısının son bir ildə əmək və əhalinin sosial müdafiəsi sahəsi ilə əlaqədar 10-dan artıq fərman və sərəncam imzaladığını vurğulayan nazir bu sənədlərin sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyəti şəkildə artırılmasını təmin etməklə bərabər, bu sahədə mütərəqqi islahatlara şərait yaratdığını da diqqətə çatdırıb:
 
"Cənab Prezidentin 23 fevral 2015-ci il tarixli Fərmanı da milli sosial təminat sisteminin innovativ texnologiyaların tətbiqi əsasında müasir dünya təcrübəsinə uyğun şəkildə təkmilləşdirilməsinə, vətəndaşların sosial təminat növləri, o cümlədən ünvanlı dövlət sosial yardımı üzrə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin olunmasına xidmət edir".
 
 
Ünvanlı dövlət sosial yardımı proqramının aztəminatlı ailələrin sosial müdafiəsinə yönəldiyini qeyd edən S.Müslümov bildirib ki, hələ 2013-cü ilin sonlarına doğru ünvanlı sosial yardımların təyinatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması üçün ünvanlı yardım alan ailələrin siyahısı ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az), habelə əhalinin sosial müdafiəsi mərkəzlərində cəmiyyətə açıqlanıb:
 
 "Ölkəmizdə sosial rifahın yüksəlməsi və sosial yardımların təyinatında ünvanlılıq və şəffaflıq prinsiplərinə əməl olunmasına nəzarətin gücləndirilməsi ünvanlı dövlət sosial yardımı təyin olunanların sayının mütəmadi olaraq azalmasına səbəb olub. Məsələn, ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında respublikada ünvanlı yardım alan ailələrin sayı 38675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azalaraq, 107761 ailə (470237 nəfər ailə üzvü) təşkil edib. Bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləğinin isə 10,3 faiz artaraq 31,83 manata yüksəlməsi ilə müşaiyət olunub".
 
 
Nazir bildirib ki, ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması ƏƏSMN-nin islahat tədbirlərinin mühüm bir istiqamətini təşkil edib. Bununla əlaqədar mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutan sistem formalaşdırılacaq:
 
"Cənab Prezidentin Fərmanına əsasən ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq. Bu sistemin işə salınması üçün ƏƏSMN beş ay müddətində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı  elektron formada müraciət etmək imkanı yaradacaq. Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün rayon və şəhərlərin poçt şöbələrində quraşdırılacaq və onlar "Elektron hökumət" portalına qoşulacaq. Vətəndaşlar yerli poçt şöbələri tərəfindən pulsuz olaraq onlara verilən və yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər".
 
 
S.Müslümov bildirib ki, vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək:
 
"Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün onlara dair lazımi arayış və məlumatlar artıq onlardan istənilməyəcək, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Çünki Fərmana uyğun olaraq həmin dövlət orqanları ünvanlı dövlət sosial yardımı üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarını artıq özlərinin "Elektron hökumət" portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında yerləşdirəcəklər. ƏƏSMN-nin isə "Elektron hökumət" portalı vasitəsilə müraciət edən şəxslər və onların ailə üzvləri barədə məlumatları əldə etmək üçün həmin informasiya resurslarına çıxışı təmin olunacaq". 
 
 
Nazir əlavə edib ki, vətəndaşların ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətləri qəbul olunduqdan sonra rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) onlara verilən tapşırıq əsasında həmin insanların ailələrinin maddi-məişət şəraitinin müayinəsini aparacaqlar:
 
"ƏSMM-lər qısa müddətdə ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparacaqlar və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin edəcəklər. Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa ailəsinə ünvanlı dövlət sosial yardım təyin olunub-olunmaması barədə məlumat yenə də elektron qaydada veriləcək. Yəni bu məlumat fərdi kommunikasiya vasitələri (kompüter, mobil telefon və s.) olduğu halda onun elektron ünvanına ismarıc formasında çatdırılacaq.  Əks halda isə vətəndaş yenə də infoköşklərdə bu məlumatla tanış ola biləcək".
 
 
S.Müslümov qeyd edib ki, yeni sistemə keçidlə əlaqədar ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının beş ay müddətində yenidən hazırlanıb təsdiq olunması üçün ƏƏSMN tərəfindən hökumətə təkliflər veriləcək:
 
"Cənab Prezidentin 23 fevral 2015-ci il tarixli Fərmanının yüksək səviyyədə icrası və bununla da ünvanlı dövlət sosial yardımı sisteminin icrasında neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının aradan qaldırılması, bu sistemin tam şəffaflaşdırılması üçün ƏƏSMN tərəfindən bütün lazımi səylər göstəriləcəkdir."
 
 
E.Vəlizadə ünvanlı sosial yardımların təyinatı prosesinin avtomatlaşdırılmasının ölkəmizdə "Elektron hökumət"in qurulması, innovativ texnologiyaların genişlənməsi istiqamətində mühüm addımlardan biri olduğunu bildirib. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli Fərmanında müəyyən olunan tapşırıqların uğurla icra olunması üçün Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən müvafiq işlərin aparılacağını qeyd edib, mövcud İKT potensialının ölkəmiz üçün dəyərli olan bu yeni sistemin tətbiqinə lazımi səviyyədə imkan yaratdığını nəzərə çatdırıb.
 
 
N.Mərdanov dövlət orqanlarının "Elektron hökumət" portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında ünvanlı sosial yardım üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının yerləşdirilməsi üçün müvafiq işlərin görüləcəyini diqqətə çatdırıb. O, bildirib ki, eyni zamanda  ƏƏSMN-nin "Elektron hökumət" portalı vasitəsilə həmin informasiya resurslarına çıxışı üçün nazirliyə lazımi texniki imkanlar yaradılacaq.

S.Kazımov yerli poçt şöbələrində vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə bilmələri üçün infoköşklərin quraşdırılması, onların pulsuz e-imzalarla təmin olunması və digər istiqamətlərdə görüləcək işlər barədə məlumat verib.
 
 
 
Həqiqət İSABALAYEVA




24/02/15    Çap et