Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rasim Əliquliyev: “Virtual məkanda Azərbaycan dilinin təbliği üçün azərbaycandilli internet resursların sayının və keyfiyyətinin artırılması mühüm əhəmiyyət kəsb edir”
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar qarşısında bir sıra vəzifələr qoyulub. Bu vəzifələrdən bir çoxunun İKT ilə bağlıdır. Azərbaycan dilinin inkişafı üçün ölkəmizdə digər təşkilatlarla yanaşı, İTİ tərəfindən də müəyyən işlər aparılır”.
Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) bu elmi-tədqiqat müəssisəsi və AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq Ana Dili Gününə həsr olunmuş birgə keçirilən seminarda AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev söyləyib.
Azərbaycan dilinin dövlət dili kimi rəsmən tanınmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edən alim onun Azərbaycan dilinin inkişafına hər zaman böyük önəm verdiyini bildirib.
Dilimizin orijinallığının qorunub-saxlanması, inkişaf etdirilməsi və nüfuzunun yüksəldilməsinin dövlətin dilçilik sahəsində siyasətin əsas prinsipi olduğunu söyləyən alim, milli ideoloji prinsiplərin qorunmasının zəruriliyindən danışıb. Azərbaycan dilinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü işlər haqqında məlumat verərək dilimizin tətbiqi işinin təkmilləşdirilməsi və s. ilə əlaqədar qəbul olunan sərəncamlardan irəli gələn vəzifələrin həlli istiqamətində görülən işlərin vacibliyini nəzərə çatdırıb.
O, ölkəmizin qlobal informasiya məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi, virtual məkanda Azərbaycan elmi, mədəniyyəti, tarixi və dilinin təbliği üçün azərbaycandilli internet resursların sayının və keyfiyyətinin artırılması mühüm əhəmiyyət kəsb edir.
İstənilən dövlətin milli sərvəti olan dilin maddi, mənəvi irsin qorunması, inkişafı və təbliğində ən mühüm vasitələrdən biri olduğunu qeyd edən Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev YUNESKO tərəfindən 21 fevral tarixinin Beynəlxalq Ana Dili Günü kimi təsdiq edilməsinin bütün dünyada ana dilinə diqqətin artırılmasına səbəb olduğunu nəzərə çatdırdı. Onun sözlərinə görə, Beynəlxalq Ana Dili Günü 2000-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində qeyd edilir:
“Bu əlamətdar günün keçirilməsi xalqların dil və mədəniyyətinin qorunması məqsədini daşıyır. Sevindirici haldır ki, dünya azərbaycanlıları da yaşadıqları ölkələrdə bu əlamətdar günlə bağlı silsilə tədbirlər keçirirlər”.
Sonra Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamilə Vəliyeva “Kompüter dilçiliyinin aktual məsələləri” mövzusunda məruzə ilə çıxış edərək kompüter dilçiliyinin yaranma tarixi, formalaşma mərhələləri və əsas problemlərindən söz açıb. Qeyd edib ki, XX əsrin 60-cı illərində yaranmış kompüter dilçiliyi insanın intellektual fəaliyyətində təbii dillərin riyazi modelini hazırlayan bir elm sahəsidir. Onun tədqiqat obyekti maşın tərcüməsi, nitqin tanınması və bir sıra digər praktiki məsələlərin həllinə istiqamətlənmişdir.
“Dialektlərin avtomatik tanınması” adlı məruzəni təqdim edən Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərov nitqin tanınması üçün küyə davamlı, az səhvlərlə müşahidə olunan etibarlı bir sistemin yaradılmasının müasir elmin qarşısında duran əsas məsələlərdən olduğunu dilə gətirdi. Onun sözlərinə görə, nitqin tanınması sistemləri kompüter, avtomobil, robotlar və digər qurğuların nitq vasitəsilə idarə olunmasını təmin edəcək. “Son zamanlar nitqin tanınma sistemlərinin yaradılması hüquq-mühafizə orqanlarının qarşısında da bir vəzifə kimi durur”, - deyə o qeyd edib.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri Əfruz Qurbanova terminoloji informatikanın formalaşma vəziyyəti və inkişaf istiqamətlərindən danışaraq terminologiya sahəsində xarici təcrübə, terminologiya üzrə beynəlxalq standartlar, terminologiya fəaliyyətinə yeni yanaşmanı zəruri edən amillər, terminoloji informatikanın formalaşma mərhələləri və inkişaf istiqamətləri haqqında ətraflı məlumat verib. Cəmiyyətin inkişaf səviyyəsinin siyasət, iqtisadiyyat, mədəniyyət və professional fəaliyyətin bütün növlərinin əsas komponentlərini özündə əks etdirən milli terminologiyanın vəziyyəti ilə müəyyən olunduğunu önə çəkən məruzəçi terminoloji informatika sahəsində aparılan elmi-nəzəri araşdırmaların təhlilinin terminoloji biliklər bazasının üstünlükləri və perspektivlərini müəyyən etdiyini vurğulayıb. O, həmçinin terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzi (İnfoterm) və Beynəlxalq Terminologiya Şəbəkəsinin (TermNet) fəaliyyəti, onlar tərəfindən yerinə yetirilən layihələri diqqətə çatdırdı və Azərbaycanda terminologiya üzrə beynəlxalq standartlara uyğun milli standartların işlənilməsinin vacibliyini qeyd edib.
“Onomastik informatika: reallıqlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Yedgar Cəfərov ötən əsrin 40-cı illərindən geniş tədqiqat predmetinə çevrilmiş onomastikanın son dövrlərədək əsasən tarix, dilçilik və coğrafiya elmlərinin vəhdətində nəzərdən keçirildiyini bildirdi. “İKT-nin sürətli inkişafı ilə əlaqədar onomastikanın tədqiqat sahələrinə informatika elmi də əlavə edilməlidir”, - deyə bildirən Y.Cəfərov elm sahəsinin virtual məkanda istifadə edilən bütün xüsusi adların məcmusunu təşkil etdiyini dilə gətirib. Məruzəçi buraya rəqəmli məlumat bazalarında toplanan, elektron xəritələr, naviqasiya vasitələri və İnternet-axtarış sistemlərində istifadə edilən, eləcə də virtual kommunikasiyalarda müəyyən funksionallığa malik bütün onomastik vahidlərin daxil olduğunu bildirib. Onomastik informatikanın obyekti və predmeti, məqsəd və vəzifələri, indiyədək xarici ölkələrin elmi mərkəzlərində bu sahədə görülmüş işlərlə yanaşı, funksionallıq baxımından onomastik informatikanın nüvəsini təşkil edən onomastik vahidlər - virtual antroponimlər və domen adlarından da bəhs edərək domen adları, bu sahədə mövcud problemlər və onların həlli yolları barədə geniş məlumat verib.
İnstitutun dissertantı Səbinə Məmmədzadə “Transliterasiya: mövcud vəziyyət, problemlər və perspektivlər” mövzusunda məruzə ilə çıxış etdi. Transliterasiyanın yaranma tarixi, müxtəlif dillərdə olan kitabların transliterasiyası, toponimlərin, xarici adlar və xarici pasportlarda adların və soyadların düzgün yazılışı, İnternetdə axtarışın relevantlığı, milli indentikliyin qorunması və informasiya mübadiləsinin sadələşdirilməsi problemlərindən danışıb.
Virtual məkanda transliterasiyanın əhəmiyyəti məsələsinə toxunan məruzəçi bu sahədə mövcud xarici təcrübədən bəhs edərək müxtəlif dövlətlər tərəfindən qəbul olunmuş transliterasiya standartları - konvertasiya cədvəllərini təqdim edib.
Nitq texnologiyalarının müasir vəziyyətindən danışan İTİ-nin dissertantı Lyudmila Suxostat bildirib ki, nitq semantik, linqvistik, artikulyasiya və akustik səviyyələrdə baş verən bir sıra dəyişikliklər nəticəsində yaranan mürəkkəb siqnaldır. İnsanların səslərindəki fərqlər onların səs traktında və danışıq tərzlərində olan anatomik fərqlərin nəticəsində yaranır ki, bundan da müxtəlif nitq texnologiyalarında istifadə etmək olar. Məruzəçinin sözlərinə görə, əsas nitq texnologiyalarına maşın tərcüməsi, nitqin və emosiyaların tanınması, nitqin sintezi və səsə görə şəxsin tanınması aid edilir. Nitq texnologiyalarının elektron tibb, fonoskopik ekspertiza, distant təhsil, səslə idarəetmə və digər sahələrdə tətbiq olunduğunu qeyd edən L.Suxostat nitqin analizi və emalı üçün istifadə edilən proqram təminatı məhsullarını da nəzərə çatdırıb:
“Nitq texnologiyalarının perspektivli istiqamətlərinin Azərbaycan dilinin analizi üçün geniş tətbiq olunması vacib məqamlardan biridir”.
SEYMUR
25/02/15 Çap et