Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
1100-dən çox üzvü olan “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətin “Gənclər Təşkilatı”nın 1992-ci ilin 26 fevral tarixində baş vermiş Xocalı Soyqrımının 23-cü ildönümü ilə bağlı BƏYANATI
“1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycan Respublikasının Xocalı şəhərinin dinc əhalisinə qarşı vəhşicəsinə törədilən kütləvi qırğından - Azərbaycan xalqının soyqırımı hadisəsindən 23 il ötür. Şəxsi heyətində erməni zabitlərin də olduğu bu alayın çoxsaylı ağır texnikası şəhərə yeridilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər. XX əsrin sonunda törədilən Xocalı qətliamı bəşəriyyətə, insanlığa qarşı çağdaş dövrdə törədilən ən ağır cinayətlərdən biri kimi erməni təcavüzkarlarının niyyətini, həqiqi mənəvi- əxlaqi- mədəni simasını, bəşəri dəyərlərdən və müasir mədəniyyətdən nə qədər uzaqda olduqlarını bütün çılpaqlığı ilə ortaya qoyur. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir.
“Azərpoçt” MMC-nin Gənclər Təşkilatı təəssüflə qeyd edir ki, baş verməsindən 23 il keçməsinə baxmayaraq, Xocalı soyqırımı beynəlxalq aləm tərəfindən lazımi qiymətini almamışdır. Bu cinayəti törədənlər haqqında hüquqi hökmlər verilməmiş, cinayətkarlar hələ də cəzasız qalmaqda davam edirlər. İnsan həyatını ən ali dəyər kimi qəbul edən müasir dünyanın bu anti-bəşəri cinayətə qarşı susqun qalması bağışlanılan və başa düşülən deyil.
“Azərpoçt” MMC-nin Gənclər Təşkilatı hesab edir ki, Xocalı soyqırımı hadisəsinin həqiqi qiymətini alması bütün dünyada genosid cinayətlərinin önünə keçilməsi, genosid cinayətlərində təqsirli olan şəxslərin müəyyən edilib cəzalandırılması sahəsində bəşəriyyətin apardığı mübarizənin gücləndirilməsi üçün fövqəladə əhəmiyyətə malikdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülərək, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir.
Beynəlxalq hüquq normalarına görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz qiymətini almayıb, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, layiqli cəzalarına çatmayıb və bu istiqamətdə hər hansı bir tədbir görülməyib.
Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb və 1994-cü ilin fevralında Azərbaycan Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Respublika Prezidenti cənab İlham Əliyev bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır. Cənab Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, artıq Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya və Hondurasın parlamentləri Xocalı soyqırımını tanıyıblar.
İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı sanksiyalar tətbiq edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməyə, onu törədənlərin layiq olduqları cəzanı tezliklə alması üçün səyləri artırmağa çağırırıq.
Bir daha bəyan edirik ki, Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, azərbaycanlı əsir və girovlar azad edilməli, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmalı, onlar öz doğma yurdlarına qayıtmalı, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdır.
“Azərpoçt” MMC-nin Gənclər Təşkilatı Xocalı soyqırımını və Xocalı soyqırımı qurbanlarını öz tarixinin ən faciəli hadisələrindən biri kimi heç vaxt unutmur, Xocalı soyqırımında həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında baş əyir və əmin olduğunu bildirir ki, Azərbaycan xalqı onların uğrunda həlak olduğu müqəddəs torpaqlarımızın azad edilməsi vəzifəsini mütləq yerinə yetirəcəkdir”.
25/02/15 Çap et