Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“AzScienceNet” şəbəkəsi üzərindən yeni xidmət sahələrindən istifadə genişləndiriləcək


Cari ildə “AzScienceNet” şəbəkəsi istifadəçilərinin kompüterlərinin reyestr sistemi təkmilləşdiriləcək, eyni zamanda bu il AMEA-nın bir neçə institut və təşkilatının fiber-optik əlaqə kanalı ilə “AzScienceNet” şəbəkəsinə qoşulması planlaşdırılır.
 
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov İTİ-dən keçirilən iclasda bildirib.
 
İnstitutdan qeyd edilib ki, R.Ələkbərov rəhbərlik etdiyi 4 saylı şöbənin 2015-ci il üçün fəaliyyət planına dair çıxış edib. Bildirib ki, cari ildə internetin tənzimlənməsi problemləri üzrə kompüter şəbəkələrində verilənlərin emalı mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənməsi, e-dövlət mühitində bu texnologiyalardan istifadə imkanlarının araşdırılması nəzərdə tutulur.
 
 
“AzScienceNet” şəbəkəsinin infrastrukturunun genişəndirilməsi işləri ilə bağlı məlumat verən R.Ələkbərov AMEA-nın Əsas binasında şəbəkə infrastrukturunun müasir tələblər əsasında yenidən qurulması, “AzScienceNet” şəbəkəsi əsasında ölkə daxili və xarici ölkələrlə onlayn videokonfransların təşkili, şəbəkənin internetə çıxış sürətinin 300 Mbit/s-ə çatdırılması ilə bağlı görüləcək işlərdən danışıb. AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrindən istifadənin genişləndiriləcəyini söyləyib.
 
Onun sözlərinə görə, AMEA üzrə e-mail və mobil məlumatlandırma sisteminin qurulması, AMEA  üzrə “Qaynar xətt” xidmətinin təşkili, AMEA qurumlarında İnternet köşklərin istifadəyə verilməsi də cari ildə görüləcək işlər sırasındadır.
 
 
“AzScienceNet”-də yeni xidmətlərin təşkili işlərindən söz açan şöbə müdiri bu istiqamətdə şəbəkə üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin təşkil edilməsi, AMEA-nın Əsas binasının həyətində “Wi-Fi”  xidmətinin yaradılması, ali təhsil müəssisələrində “Eduroam” xidmətinin yaradılması və s. ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
 
Şöbə, həmçinin “AzScienceNet”-in təqdim etdiyi “Cloud Computing” xidmətlərinin ali təhsil müəssisələrinin əməkdaşlarına ödənişsiz olaraq təklif olunması və onların bu xidmətlərdən istifadə etməsi üçün təlim seminarlarının təşkil edilməsi ilə əlaqədar məqsədyönlü işlər həyata keçirmək niyyətindədir.
 
 Şöbənin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı məsələsinə toxunan alim TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən ULAKBİM (Ulusal Akademik Ağ ve Bilgi Merkezi - Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) və GEANT Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdirilməsinin planlaşdırıldığını qeyd edib.
 
 
 
Həqiqət İSABALAYEVA
 
 




26/02/15    Çap et