Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil messencerlərdə ödənişsiz ünsiyyət üçün kart təqdim edilib


İtaliyanın “Zeromobile” operatoru cari ilin yanvarında elan edilmiş “WhatSim” “SİM” kartını rebrendinq edib.

İndi o, “ChatSim” adlanır və bütün mobil messencerləri dəstəkləyir. Bu “SİM” kartın köməyi ilə ildə 10 avro ödəyərək dünyanın 150 ölkəsində istənilən həcmdə mətn mesajları ilə mübadilə etmək olar. Şirkətin bəyanatına əsasən, bu, səyahətçilər üçün əla xəbərdir, çünki bahalı rouminqdən istifadəyə və ya ödənişsiz “Wi-Fi” axtarmağa ehtiyac olmayacaq.


"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “ChatSim” “SİM” kartı dünyanın 150 ölkəsində 400-dən çox operator tərəfindən dəstəklənəcək. Dəstəklənən messencerlər arasında “QQ”, “WhatsApp”, “Facebook Messenger”, “WeChat”, “Skype”, “Viber”, “LINE”, “KakaoTalk”, “Telegram”, “Snapchat”, “Twitter”, “Hangouts”, “iMessage” və başqaları var.
 
“ChatSim” layihəsi “Zeromobile” operatorunun təsisçisi, 38 yaşlı italyan sahibkarı Manuel Zanello tərəfindən düşünülüb. Zanello “Zeromobile” operatorunu ilk qlobal mobil operator kimi qələmə verir, “ChatSim” isə bütün məşhur mobil messencerlərdən istifadəyə imkan verir. Zanello “ChatSim” kartını ona görə yaradıb ki, istifadəçilərin əksəriyyəti indi elektron mesajlaşırlar.

İllik 10 avro ödəməklə “ChatSim” kartının sahibləri “iMessage”, “Viber” və “Telegram” messencerlərinin köməyi ilə istənilən həcmdə mətn mesajları göndərə və qəbul edə bilərlər. Başqa növ kontentin göndərilməsi bir qədər baha olacaq: məsələn, Rusiya, Avropa Birliyi, Türkiyə, ABŞ və Tailandda fotoşəklin göndərilməsi və qəbulu 0,10 avro, video göndərilməsi 0,50 avro, səsli mesajlar 0,025 avro təşkil edəcək.

Zaqafqaziya ölkələri və ya Çində fotoşəkillərin göndərilməsi 0,375 avro olacaq. Hindistanda 0,7, İraq və Mərakeş 1 avro təşkil edəcək.

Emil Hüseynov

 
 
 




26/02/15    Çap et