Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatı sınaqdan keçirilir


Yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi layihəsi üzərində işlər davam etdirilir.
 
Bu barədə “Rabitə dünyası”nın sualını cavablandıran Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin baş mütəxəssisi, “E-imza” layihəsinin rəhbəri Nadir Rəsulov məlumat verib.
 
Onun sözlərinə görə, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə ölkə başçısının 28 noyabr 2014-cü il tarixli sərəncamdan irəli gələn vəzifələrin təmin edilməsi cari il üçün Məlumat Hesablama Mərkəzinin qarşısında duran ən vacib məsələlərdəndir.
 
Bu vəzifələrə yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılması, şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsi və şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılması və fəaliyyətinin təmin edilməsi daxildir:
 
“Bu istiqamətdə MHM-in Milli Sertifikat Xidməti Mərkəzinin mütəxəssisləri tərəfindən  layihə çərçivəsində görüləcək işlərin tədbirlər planı hazırlanıb, yeni nəsil şəxsiyyət vəsiqəsinə elektron imza sertifikatlarının daxil edilməsi  ilə əlaqədar keçiriləcək tender üçün texniki şərtlər sənədinin ilkin versiyası hazırlanaraq müzakirəyə çıxarılıb, elektron imza sertifikatlarının şəxsiyyət vəsiqəsinin çipinə daxil edilməsi prosesinin icra ssenarisi hazırlanıb və bu ssenarinin reallaşdırılması məqsədilə sınaq işlərinin aparılması üçün laboratoriya mühiti yaradılıb. Bu laboratoriyada elektron imza sertifikatlarının çipə daxil edilməsi üçün yazılan proqram təminatının sınaq işləri keçirilir”.
 
Eyni zamanda,   Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamın 7.1-ci bəndi ilə əlaqədar qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə təkliflər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib:
 
“Hal-hazırda layihə çərçivəsində mütəxəssislərin yeni nəsil şəxsiyyət vəsiqəsi layihəsini icra edən İsveçrənin TRÜB və yerli inteqrator olan İDRAK şirkətlərinın mütəxəssisləri ilə qarşılıqlı işləri birgə iş planı əsasında davam etdirilir. Belə ki, şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun MSXM-in sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların Milli Sertifikat Xidmətləri Mərkəzində qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir”.
 
 
 
Həqiqət İSABALAYEVA




26/02/15    Çap et