“SpaceX” şirkəti iki kommersiya telekommunikasiya peykini kosmosa çıxarıb
ABŞ-ın özəl “SpaceX” şirkəti bazar günü iki kommersiya telekommunikasiya peykini kosmosa çıxaran "Falcon 9” raketinin buraxılışını uğurla həyata keçirib. İkipilləli raketdaşıyıcısının startı ABŞ Hərbi Hava Qüvvələrinin Kanaveral kosmodromu yaxınlığında yerləşən bazadan yerli vaxtla 22:50-də olub.
Hər birinin çəkisi 2 ton təşkil edən aparatları ABŞ-ın “Boeing” aviaşirkəti iki peyk rabitəsi operatoru - Fransanın "Eutelsat” və Honkonqun "Asia Broadcast Satellite” şirkətləri üçün hazırlayıb.
“Boeing” elektrik mühərriklər - ion mühərriklər ilə təchiz edilən peykləri ilk dəfə olaraq orbitə göndərib. Bu yenilik aparatların çəkisini xeyli azaltmağa imkan verərək onların konstruksiyasından kimyəvi mühərrikli peyklər üçün lazım olan irihəcmli yanacaq çənlərini ləğv edib. Yeni aparatların istismar müddətinin 15 il təşkil edəcəyi və Şimali və Cənubi Amerika, Avropa, Yaxın Şərq və Afrika istehlakçılarını rabitə xidmətləri ilə təmin edəcəyi gözlənilir.
Buraxılışdan təxminən iki saat sonra peyklər növbə ilə raketdaşıyıcısından ayrılıb və manevrə başlayıb. Bir neçə aydan sonra onlar 36 min km hündürlükdə məqsədli orbitə çatacaq. Sonra mütəxəssislər aparatların sınaqlarını keçirəcəklər. Sınaqlar uğurlu olacağı halda onların istifadəyə verilməsi nəzərdə tutulur, - “
TASS” yazır.