Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA-nın “www.science.az” veb-portalının yeni versiyası istismara veriləcək


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin "www.science.az" veb-portalının yeni versiyası istismara veriləcək. Bu barədə Rəyasət Heyətinin növbəti iclasında məlumat verilib. Akademiyadan qeyd edilib AMEA-nın akademik-katibi Rasim Əliquliyev  portalın tarixindən söz açıb. Bildirilib ki, AMEA-nın rəsmi veb-portalı "www.ab.az" adı altında 1995-ci ildə yaradılıb. Portal AMEA Rəyasət Heyətinin 26 sentyabr 2001-ci il tarixli qərarı ilə İnformasiya Texnologiyaları İnstitutu (İTİ) tərəfindən yenidən işlənərək "www.science.az" adı altında 2003-cü ildən fəaliyyət göstərir.
 
Azərbaycan elminin ildən-ilə artan nüfuzunu əks etdirən portalın əsas məqsədi AMEA-nın çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya elmi ictimaiyyətinə çatdırılması, həmçinin AMEA-nın institut və təşkilatlarının elmi əməkdaşlarının hər birinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaratmaqdır.  
 
Son zamanlar AMEA-da aparılan islahatlar və struktur dəyişiklikləri, AMEA Rəyasət Heyətinin yeni korporativ üslubunun yaradılması və yeni texnologiyaların meydana gəlməsi portalın təkmilləşdirilməsini zəruri edib. 2013-cü ilin 3 iyul tarixində AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilən Mərkəzi Aparatın informasiyalaşdırılmasına dair fəaliyyət planında digər məsələlərlə yanaşı, "www.science.az" portalının yeni versiyasının yaradılması məsələsi də nəzərdə tutulub. İTİ-nin mütəxəssisləri tərəfindən hazırlanan portalın yeni versiyasında ən yeni texnologiyalar tətbiq olunub, ayrı-ayrı elmi qurumlara dair informasiya daha geniş və ətraflı şəkildə təqdim edilib.
 
Respublikada analoqu olmayan, özündə 15 minə yaxın səhifəni Azərbaycan, rus və ingilis dillərində əks etdirən "www.science.az" meqaportalı AMEA Rəyasət Heyəti aparatı, akademiyanın elmi müəssisə və təşkilatlarının strukturu və fəaliyyəti, AMEA-nın sabiq prezidentləri və fəxri üzvləri, həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarında çalışan elmlər doktorları və fəlsəfə doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətləri, elmi nailiyyətləri, elmi-pedaqoji fəaliyyətləri, əsas elmi əsərləri haqqında məlumatı əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik informasiya sistemidir. Portalda Azərbaycan Respublikası Prezidenti tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə də AMEA-nın dövri nəşrləri yerləşdirilir.
 
Portalın yeni versiyasının daha bir fərqli cəhəti onun ana səhifəsində "Elm TV" pəncərəsinin mövcudluğudur. Bu pəncərədə akademiyada keçirilən mühüm elmi tədbirlər haqqında video-informasiya yerləşdirilir, həmçinin bu tədbirlərin birbaşa yayımı həyata keçirilir. "www.science.az" portalı Azərbaycanda dövlət tərəfindən elmdə aparılan və yeni dövrün tələbləri ilə səsləşən islahatları, elmin inkişafı sahəsində ölkədə əldə edilmiş nailiyyətləri operativ, dolğun, obyektiv şəkildə işıqlandırır və təbliğ edir. Onun vasitəsilə AMEA-nın çoxşaxəli fəaliyyəti ölkə və dünya elmi ictimaiyyətinə açıqdır.  
 
Akademik R.Əliquliyev onu da qeyd edib ki, ölkənin elmi ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edən portala 2014-cü ildə 1,5 milyona yaxın müraciət qeydə alınıb. Sonda Rəyasət heyətinin qərarı ilə portalın yeni versiyasının istismarı AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinə həvalə edilib.
 
Həqiqət İSABALAYEVA 





05/03/15    Çap et