Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Konqoda nəhəng robotlar işıqforları əvəz edib
Konqo Demokratik Respublikasının hakimiyyəti çoxlu sayda yol hərəkəti qaydaları pozuntusunun qarşısını almaq üçün ölkənin paytaxtı Kinşasada kameralarla təchiz edilmiş beş robot quraşdırıb.
"ICTnews" elektron xəbər xidməti “nation-news.ru” saytına istinadən bildirir ki, robotlar günəş batareyaları ilə işləyir. Yol hərəkəti qaydalarına nəzarət etmək üçün robotun “əlləri” qırmızı və yaşıl lampalarla təchiz edilib. Şəhər hakimiyyəti bu yolla piyada və maşınların hərəkətini nizamlamağa çalışır, çünki Konqo Demokratik Respublikasında yol hərəkəti iştirakçılarının böyük əksəriyyəti standart işıqfor və yol nişanlarına əhəmiyyət vermirlər. Bundan başqa, sonuncular quraşdırılandan sonra çox vaxt oğurlanır.
Nəhəng robotu oğurlamaq çox çətindir. Robota quraşdırılmış infraqırmızı videokameralar yalnız bütün baş verənləri və yol hərəkəti qaydaları pozuntusunu çəkməklə kifayətlənmir, həm də təsviri real vaxt rejimində polis bölməsinə göndərir.
Robotların böyük oyuncağa oxşamasına baxmayaraq, sürücülər onun siqnallarına daha diqqətli yanaşırlar. "Biz robota hörmət etməliyik" – yerli taksi şoferlərindən biri deyib.
Emil Hüseynov
05/03/15 Çap et