Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda ”Microsoft” İnnovasiya Günü keçiriləcək


 Martın 12-də "Microsoft Azerbaijan" şirkəti Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Bakıda ənənəvi "Microsoft" İnnovasiya Günü ("Microsoft Innovation Day") keçirəcək.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, " builki "Microsoft" İnnovasiya Günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunacaq və ən müasir texnoloji yenilikləri əhatə edəcək.

"Microsoft" İnnovasiya Günündə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov, "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi (Vicky Rentzepi) və digər rəsmi şəxslər çıxış edəcəklər. Bundan başqa, "Microsoft" əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə "Microsoft Azerbaijan" şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək, "Windows" əsaslı  cihazları, həmçinin, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcək, həmçinin "Outlook.com", "OneDrive", "Office Online" və "Office 365" kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışacaqlar.

Bununla yanaşı, tədbir çərçivəsində avtomobil sənayesində inqilabi yeniliklər yaratmış "Tesla" avtomobilinin innovativ funksiyaları və üstün texnologiyaları nümayiş olunacaq.

Qeyd edək ki, "Microsoft Innovation Day" – "Microsoft" Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ən böyük tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.

Aynur Vəliyeva





06/03/15    Çap et