Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlk "CD" prototipi nümayiş etdirilib
1979-cu il martın 8-də "Philips" şirkəti Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunda ilk yığcam disk prototipini nümayiş etdirib. Şirkət bu diskin hazırlanmasında lazer texnologiyasından istifadə etmişdi. Belə ki, informasiya lazer vasitəsilə oxunurdu.
Bir neçə gün sonra "Sony" şirkəti də yığcam disk hazırladığını bəyan edib. Sonuncu "Philips" şirkəti ilə eyni vaxtda informasiyanın saxlanılması üçün yeni və daha etibarlı üsul üzərində iş aparırdı.
İlk təqdim edilmiş yığcam disk prototipləri mükəmməllikdən uzaq olduğuna görə, "Sony" və "Philips" şirkətləri səylərini birləşdiriblər. Hər iki şirkətin birgə hazırladığı yığcam diskin diametri 12 santimetr olub və diskə 650 meqabayt tutumunda informasiya yazmaq mümkün idi.
"Philips" və "Sony" şirkətləri daşıyıcını 1983-cü ilin martında təqdim ediblər. "CD" pleyerlərin qiyməti baha olduğundan ilk vaxtlar disklərin satış həcmi aşağı olub. Bununla belə, 1988-ci ilədək dünyada 400 milyondan çox yığcam disk satılıb.
Elektronika və Elektrotexnika Mühəndisləri İnstitutunun məlumatına əsasən, "CD" ilk kütləvi rəqəmli məhsul olub. 2000-ci illərin əvvəllərindən internetin inkişafı və "mp3" adlanan rəqəmli formatın yaradılması nəticəsində bu tip daşıyıcıların populyarlığı azalmağa başlayıb.
Emil Hüseynov
07/03/15 Çap et