Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün sənaye parkları investisiya layihələri üçün regionda ən cəlbedici güzəştlər və stimullaşdırıcı tədbirlər portfelini təklif edir


Hazırda Azərbaycanda 3 sənaye və 2 yüksək texnologiyalar parkı yaradılıb. Bu gün sənaye parkları investisiya layihələri üçün regionda ən cəlbedici güzəştlər və stimullaşdırıcı tədbirlər portfelini təklif edir.
 
Digər sənaye parklarında olduğu kimi, Mingəçevirdə yaradılan sənaye parkının rezidentləri də 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, həmçinin Sənaye Parkına idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunacaqlar. 14.8 hektar ərazidə yaradılan Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor vəzifəsinin icraçısı Nazim Talıbov bu fikri İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) təşkilatçılığı ilə Mingəçevirdə “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.
 
 İSN-dən bildirilib ki, N.Talıbov dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsi, onun neftdən asılılığının minimuma endirilməsi üçün ən müasir texnologiyaların gətirilməsi və yüksək rəqabət qabiliyyətli məhsulların istehsalının mühüm vəzifə kimi qarşıya qoyulduğunu qeyd edib.
 
 
İqtisadiyyat və Sənaye Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov qeyd edib ki, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək sənaye gücləri yaradılır.
 
Tədbirdə Mingəçevir Sənaye Parkının yaradılmasının və tətbiq ediləcək güzəştlərin xarici investisiyaların cəlb edilməsində əhəmiyyəti, yeni texnologiyaların, “know-how”, eləcə də digər bilik və bacarıqların tətbiqinin sənaye potensialının inkişafına müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb.
 
 
Tədbirdə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” barədə də məlumat verilib.
 
Qeyd olunub ki, qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülüb. Proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və s. kimi mühüm istiqamətlər nəzərdə tutulub.
 
 
Həqiqət İSABALAYEVA




12/03/15    Çap et