“Aztelekom”da tətbiq edilən yeniliklərlə bağlı təqdimat mərasimi keçirilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyində (İB) "Qlobal Monitorinq Sistemi" və "585" - Daşınan şəhər telefon xidməti ilə bağlı təqdimat mərasimi keçirilib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən mərasimdə İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov yeniliklər və perspektiv planlar haqda məlumat verib. Daha sonra təqdimatlar dinlənilib.
Qeyd edilib ki, çevik müdaxilə monitorinq kompleksi olan "Qlobal Monitorinq Sistemi" çağrı mərkəzi və qeydiyyat sistemi; məlumat və telemarketinq stolu; şəbəkənin monitorinqi; 3 pilləli texniki dəstək; analiz stolu;
yerli texniki dəstək kimi alt sistemlərdən ibarətdir. Eyni zamanda sistemə daxil olan müraciətlərin qeydə alınması və baş verən qəzaların aradan qaldırılmasını sistemləşdirmək məqsədi ilə xüsusi alqoritm-qəzaların aradan qaldırılması texnoloji xəritəsi işlənib hazırlanıb. Sistem ayrı-ayrı istiqamətlər üzrə axan trafikin analizini aparmağa da imkan verir.
Qəbul olunmuş məlumatlar xidmətin növlərinə görə çeşidlənir və TKQ-nin və "Aztelekom" İB-nin müvafiq şöbələrinin işçi kompüterlərində işçi stolun üzərinə çıxarılır və sms-lə mobil telefonuna göndərilir. Sistemin özəlliklərindən biri də elektron müştəri kartotekasının yaradılmasıdır. Avtomatik olaraq bütün məlumatlar elektron kartotekaya ötürülür. Sistem yalnız "Aztelekom" İB-nin müştərilərinə deyil, eyni zamanda özəl provayderlərin də müştərilərinə xidmət edir. Bu gün özəl provayderlərin müştərilərinin 35%-i sistemə qoşulub. "585" - Daşınan şəhər telefon xidmətinə gəlincə, bu yenilik paytaxtın telefon şəbəkəsinin nömrələnmə sisteminə daxil olan boş prefikslərdən istifadə etməklə, Bakı nömrələrinin rayonlara daşınması və abunəçilərə paylanılmasına xidmət edir.
Təqdimatda yer alan təkliflərə görə, Bakı nömrələrinin rayon TKQ-lərin ərazilərinə İP protokolu vasitəsilə daşınmasını təşkil etmək məqsədilə 10000 tutumlu yeni stansiyanın tikintisi məqsədəuyğun hesab edilir ki, bu stansiyanın da NGN/İMS texnologiyası əsasında qurulması nəzərdə tutulur.
Təqdimatlardan sonra nazir Əli Abbasov yeni rabitə xidmətlərinin tətbiqi istiqamətində araşdırmaların davam etdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması, ölkə ərazisində, o cümlədən ucqar kəndlərdə internetin əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən işlərin genişləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.
Həqiqət İSABALAYEVA