Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Saytlarda xarici sözlərdən daha tez-tez istifadə olunduğu aşkarlanıb


Azərbaycanda fəaliyyət göstərən saytlarda dil normalarının pozulma halları müşahidə edilib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun keçirdiyi monitorinqlərdən məlum olub ki, Azərbaycan dilinin orfoqrafiyasının qayda-qanunlarına heç də bütün saytlar tam ciddiliyi ilə əməl etmir. Portallarda xarici sözlərdən daha tez-tez istifadə edildiyi məlum olub.
 
 
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev saytlarda aparılmış monitorinqin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, danışıq dilində əcnəbi dilə meylin güclənməsi müşahidə olunur. Onun sözlərinə görə, danışıq dilində pərakəndəlik hökm sürur:
 
“Dilçilik İnstitutu səhvləri tapıb aşkarlayır. Səhvlərindən nəticə çıxarmaq əvəzinə, bunlar bəzilərinin xətrinə dəyir. Mətbuat işçiləri, o cümlədən başqaları ümumən dilimizdə olan qüsurlardan danışanda bütün günahı Dilçilik İnstitutunun üstünə atırlar. Amma dilin qayğısına hamı qalmalıdır”.
 
 
Yaxın zamanlarda Naxçıvan dialektoloji atlasının çap olunacağını vurğulayan T.Hacıyev əlavə edib ki, bundan başqa, Qarabağ dialektoloji atlasının hazırlanması qarşıya əsas məqsəd kimi qoyulub.
 
 
T.Hacıyev onu da vurğulayıb ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti çox qüsurludur: “Hazırda biz onun üzərində iş aparırıq”.
 
 
SEYMUR
 




13/03/15    Çap et