Avropa İttifaqı internetdə ekstremizmi təbliğ edən kontenti yoxlamağa başlayacaq
Estoniya daxili işlər naziri Hanno Pevkur martın 12-də Brüsseldə Avropa İttifaqının (Aİ) Ədliyyə və Daxili İşlər Şurasında bildirib ki, terrorizmlə mübarizədə prioritetlərdən biri internetdə ekstremizmin təbliğinin yayılmasının qarşısının alınmasıdır.
Nazirin sözlərinə görə, bu məqsədlə cari ilin iyulun 1-dən Aİ-nin Avropolun “Şəbəkə yoxlanışı” (Check the Web) layihəsi əsasında hazırlanan internet kontentin yoxlanışı üzrə şöbə (EU IRU) fəaliyyətə başlayacaq.
Yeni şöbə Aİ ölkələrinə terrorizm və ya ekstremizmlə bağlı məlumatların təcili yoxlanmasına və müvafiq saytlardan istifadənin məhdudlaşdırılmasına kömək edəcək. H.Pevkurun fikrincə, Aİ məlumat mübadiləsinə böyük töhfə verməli və Avropol, Avropa Məhkəməsi (Eurojust) və İnterpolun texniki sistemlərinin imkanlarından aktiv istifadə etməlidir.
Nazir bəyan edib ki, Estoniya terrorizmlə mübarizənin effektivliyinin artırılması üçün müxtəlif elektron xidmətlərin tətbiqinin əhəmiyyətini daima vurğulayır. Bundan başqa, Estoniya polis və sərhəd xidməti orqanları tərəfindən yoxlanışların aparılmasını dəstəkləyəcək elektron sərhədlər paketinin qəbul edilməsinə təkid edir, -
"Interfax” yazır.