Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” şirkəti parollardan imtinanı təklif etdi


Hazırda adi parol müdafiəsi məlumatların mühafizəsi üçün heç də ən etibarlı və səmərəli üsul deyil. Bir çox aparıcı texnologiya şirkətləri fərdi məlumatların etibarlı mühafizəsi üsulu kimi ikimərhələli eyniləşdirmə tətbiq ediblər, amma sonuncunun istifadəsi məcburi deyil və yalnız öz rəqəmli məlumatlarının mühafizəsindən narahatlıq keçirənlər arasında populyardır.

"ICTnews" elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, hazırda “Yahoo!” internet şirkəti məlumatların mühafizəsinə sorğu üzrə parollar adlı yeni yanaşma təqdim edib. İkimərhələli eyniləşdirmədə olduğu kimi, qeydiyyat zamanı istifadəçinin smartfonuna mobil proqram vasitəsilə və ya SMS mesajla unikal kod göndərilir ki, o da qısa müddət ərzində aktiv olur. Amma burada xırda bir nüans var: kodun göndərilməsindən əvvəl əsas parolu daxil etməyə heç bir ehtiyac yoxdur.

Sistemə daxil olduqda parolun daxil edilməsi üçün ənənəvi formanın əvəzinə, "Parol göndər" düyməsi yerləşir. Yeni qeydiyyat üsulu artıq istifadə üçün əlçatandır.

“Yahoo!”-nun vitse-prezidenti Dilan Keysi yeni funksiyanı parolların məhvinə ilk addım kimi xarakterizə edib. Ola bilsin ki belədir, amma heç bir şübhə yoxdur ki, sorğu üzrə parollar funksiyası ikimərhələli eyniləşdirmə funksiyası ilə müqayisədə daha az etibarlıdır.

Emil Hüseynov
 




16/03/15    Çap et