Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vətəndaşlar subsidiyalar haqda məlumatları elektron formada əldə edəcəklər


Azərbaycanda "Elektron hökumət"in inkişaf etdirilməsi, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin böyük əksəriyyətinin elektronlaşdırılması həm vaxt və əlavə xərclərin qarşısını alıb, həm də baş verə biləcək arzuolunmaz halların aradan qaldırılmasına səbəb olub.

E-hökumətin üstün cəhətlərindən biri olaraq vətəndaş-məmur ünsiyyəti minimuma endirilərək süründürməçilik və yubanma kimi proseslərin qarşısının tamamilə alınmasına nail olunub.
 
 
Kənd Təsərrüfatı Nazirliyi (KTN) də göstərdiyi xidmətləri elektronlaşdıraraq Açıq Hökumət layihəsinə uyğun olaraq  vətəndaşlarla ünsiyyəti internet üzərindən qurur. Nazirlik verdiyi qərarlarla bağlı informasiyaları rəsmi internet səhifəsində yerləşdirməklə yanaşı, subsidiyalar barəsində olan bütün məlumatları portal vasitəsi ilə vətəndaşlara təqdim edir.
 
 
KTN-dən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, nazirlikdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. İclasda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları  istehsalçılarına buğda və çəltik səpininə görə yardım verilir. Bu məqsədlə 2015-ci ildə də dövlət büdcəsində vəsait nəzərdə tutulub.    
 
 
Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsullarının istehsalçılarına hər hektar buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi ilə bağlı 58 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.
 
 
Respublika Komissiyası 58 rayon (şəhər) komissiyası üzrə 129063 istehsalçıya 426277, 44 hektar buğda və çəltik səpininə görə 17051097, 60 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edilib.
 
 
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək  istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet   səhifəsinin  (http://agro.gov.az)  "Subsidiyalar"  bölməsində  yerləşdiriləcək.
 
SEYMUR




17/03/15    Çap et