Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda Azərbaycan investisiya forumu keçirilib


Britaniyanın "The Economist Events" jurnalının təşkilatçılığı ilə martın 17-də Bakıda Azərbaycan investisiya forumu keçirilib.


Forumda Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli şəxslər, iqtisadçılar, tənzimləyicilər və dövlət qulluqçuları iştirak ediblər. Qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışan "The Economist" jurnalının redaktoru Con Endryus dünyada və regionda baş verən son proseslərdən söhbət açıb.



Forumda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, ölkəmizdə neftdən əldə olunan gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilir. Bunun nəticəsidir ki, son illərdə Azərbaycanın qeyri-neft sektoruna yönəldilən investisiyalar iki dəfə artıb.


Azərbaycanda yüksək texnologiyalar sektorunun son beş ildə 3,5 dəfəyədək artdığını deyən nazir ölkədə genişzolaqlı internetin genişləndirilməsi sayəsində əhalinin 85 faizinin bu xidmətlərə çıxış əldə edəcəyini qeyd edib. Ə.Abbasov bildirib ki, Azərbaycan son 12 ildə yüksək texnologiyalar sahəsi üzrə 41 milyon dollarlıq mal və məhsul ixrac edib. Ölkəmizdə aktiv internet istifadəçilərinin sayının 72-73 faiz olduğunu deyən nazir Azərbaycanın aktiv IP siyahısında 49-cu yerdə qərarlaşdığını bildirib.



"Azərbaycan 2017-ci ildə üçüncü kosmik peykini kosmosa çıxaracaq. Bizim əsas məqsədimiz 2020-ci ildə ölkə əhalisinin 95 faizini sürətli internetə əlçatan etməkdir", - deyə Ə.Abbasov əlavə edib.


Təhsil naziri Mikayıl Cabbarov forumda çıxış edərək "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlərdən danışıb. O bildirib ki, son iki ildə xaricdə təhsil proqramı çərçivəsində 1300-dən çox gənc xaricdə təhsil almağa göndərilib. Onlardan 900 nəfər gənc bu gün istər dövlət, istərsə də özəl sektorda xaricdə əldə etdikləri bilik və bacarıqları uğurla tətbiq edir.



Xaricdə təhsil proqramının dəyişikliklər ediləcəyini deyən nazir bildirib ki, yeni proqrama əsasən azərbaycanlı gənclər xaricə göndərilməklə yanaşı, xarici ali təhsil müəssisələrinin professorları da ölkədəki ali təhsil müəssisələrində fəaliyyət göstərmək üçün Azərbaycana dəvət ediləcəklər.


Forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova 2005/2014-cü illərdə Azərbaycan iqtisadiyyatının 3 dəfə böyüdüyünü, dövlət büdcəsinin isə 13 dəfə artdığını deyib. Həmin dövrdə ölkəyə 177 milyard dollar investisiya yatırıldığını deyən nazir müavini bunun da 123 milyard dollarının qeyri-neft sektoruna yönəldildiyini qeyd edib.



S.Həsənova bildirib ki, məqsədyönlü proqramlar əsasında yoxsulluq azaldılıb, sosial sahələr inkişaf etdirilib, qaçqın və məcburi köçkünlərin normal məskunlaşması təmin olunaraq çadır şəhərcikləri ləğv edilib və 40 mindən çox ailə yaşayışa uyğun olmayan şəraitdən qurtulub. Sovetdən qalma köhnəlmiş infrastruktur yenidən qurulub, ölkənin enerji təhlükəsizliyi təmin edilib, müasir yol, körpü, beynəlxalq hava limanları istifadəyə verilib. Bakının və regionların siması dəyişib, Azərbaycan bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edir.


Nazir müavini vurğulayıb ki, bu illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, kosmosa peyk çıxaran məhdud saylı dövlətlər sırasına daxil olub, xaricə investisiya yatıran ölkəyə çevrilib. Hazırda Azərbaycanın ümumi daxili məhsulu Cənubi Qafqaz ölkələrinin məcmu ÜDM-in 75 faizini təşkil edir. Əlbəttə ki, neft gəlirlərindən, bu imkanlardan istifadə etməklə qeyri-neft sektorunun inkişaf etdirilməsi, dövlət gəlirlərinin neftdən asılılığının azaldılması əsas prioritetlər sırasındadır. Bu prioritetlər "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunmaqla, burada resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsi, rəqabət qabiliyyətli istehsal sahələrinin yaradılması nəzərdə tutulur.



Forum çərçivəsində "Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı", "Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması", "İnnovasiyalar, sahibkarlıq və diversifikasiya: maneələrin aradan qaldırılması", "Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu", "Milli artımı təmin etmək üçün təhsil və tədris", "İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi" və "Diversifikasiya: qeyri-neft sektorunun payının artırılması" mövzuları ətrafında müzakirələr aparılıb.



 
 





17/03/15    Çap et