Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərbaycan İnvestisiya Sammiti”ndə Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun çıxışı



 Hər birinizi salamlayır, konfransın işinə uğurlar arzulayıram!
 
 
Bu gün biz bu zalda qısa zaman kəsiyində  “Neftdən sonra bizi nə gözləyir, neftdən sonra biz öz xoşbəxtliyimiz üçün nə etməliyik” sualına cavab tapmaq üçün yığışmışıq. Azərbaycanın gələcək inkişafı  2012-ci ilin dekabr ayında prezident İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında – yol xəritəsində göstərilibdir. Burada məqsəd gələcək 8-10 il ərzində Azərbaycanda neftdən asılılığı minimuma endirmək, iqtisadiyyatın diversifikasiyası, iqtisadi potensialımızı təxminən 2 dəfə genişləndirmək və bunu qeyri-neft sektorunun hesabına təmin etmək və ən vacibi də ixrac potensialımızın neftdən asılılığını azaltmaqdır. Yeri gəlmişkən, qeyd edim ki, bu gün ixrac potensialımız təxminən 93 faiz neft və neft məhsullarından asılıdır. Düzdür, bu gün çağırışlar, hədəflər və  məqsəd çox ambisiyalı olsa da, istəklərimizə nail olmaq üçün bütün qüvvələrimizi sərf edirik. İqtisadi xəritələrdə iqtisadiyyatın mürəkkəbliyi indeksi çox vacib indekslərdən sayılır. Əgər bir neçə ərəb ölkələrini misal gətirsək, onların adambaşıma düşən ümumdaxili məhsulu Almaniya ilə eynidir. Lakin iqtisadiyyatın müxtəlifliyinə, mürəkkəbliyinə baxanda bu ölkələrin 92-95 faizi neftdən asılıdır, Almaniyada isə ümumdaxili məhsulda ən çox yer tutan avtomobil sənayesinin həcmi 11 faizdir. Yəni bütün dünyada hamı öz iqtisadiyyatının təbii sərvətlərdən asılılığını minimuma endirməyə çalışır. Bizim də tezisimiz neftlə neftsiz iqtisadiyyat qurmaqdır. Bunu dəfələrlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayıb. Neftlə iqtisadiyyatımızı inkişaf etdirmək, neftdən asılı etməmək kimi azad etmək kimi bir məsələ qarşıya məqsəd qoyulub ki, biz bunu artıq bir neçə ildir ki, həyata keçirdirik. Əsasən də yüksək texnoloji sektorun inkişaf üçün dövlət tərəfindən mühüm addımlar atılır.
 
Bu gün Azərbaycanın yüksək texnologiyalar sahəsində əsas inkişafı informasiya texnologiyaları istiqamətində gedir və inkişaf tempi orta ümumdünya səviyyəsindən yüksəkdir. Son beş ildə informasiya-kommunikasiya texnologiyaları sektoru təxminən 3,5 dəfə böyümüş və  sektora beş ildə təxminən 2 milyard dollar civarında  investisiya qoyulmuşdur.  Sektor inkişaf səviyyəsinə görə Dünya İqtisadi Forumunun “Global İnformasiya Texnologiyaları 2014” hesabatında “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlmişdir. Təxminən 20 göstəriciyə görə, ölkəmiz MDB ölkələri arasında liderdir. Məsələn, internetin istifadə sıxlığına görə  Azərbaycan təkcə MDB-də yox, ümumiyyətlə, Mərkəzi Asiyada lider mövqe tutur. Qeyd edim ki, ölkəmizdə internetin istifadə sıxlığı 73-75 faizdir.

Ümumiyyətlə, bu sahədə bizim mövqeyimiz  təxminən inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasındadır. Lakin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşıda qoyduğumuz məqsədlərə çatmaq üçün biz yeni templərlə inkişaf etməliyik. İndi hansı hədəfləri biz qarşımıza qoyuruq? Bu sahənin inkişafı üçün biz hədəfləri xəritələşdirəndə əsas üç istiqaməti prioritet götürdük. İlk olaraq iyirmi birinci əsrin infrastrukturu. İyirmi birinci əsrin ən güclü infrastrukturu informasiya, şəbəkə, o cümlədən telekommunikasiya, internet infrastrukturudur. İkinci, ən əsası, İKT-nin sosial-iqtisadi inkişafa təsiri istiqamətində atılan addımlardır. Üçüncüsü isə sərbəst yüksək texnoloji iqtisadi sektorun formalaşmasıdır. Bu gün bizim əsas məqsədimiz telekommunikasiya şəbəkələrində ən yeni texnologiyaların, o cümlədən, LTE, “4G” texnologiyasının tətbiqi, həmçinin yüksəksürətli genişzolaqlı internetin bütün Azərbaycanda hamı üçün əlçatan edilməsidir. Hədəf budur ki, 2018-ci ilə Azərbaycanda 85 faiz əhali yüksəksürətli genişzolaqlı internetdən yararlana bilsin. Məqsədimiz kənd yerlərində 30, şəhər yerlərində 100 meqabit saniyə səviyyəsində internetə çıxış təmin etməkdir. Əgər qeyd olunan vaxta biz bu məqsədə çata bilsək, demək olar ki, bu, inkişaf  etmiş ölkələrin göstəriciləri ilə təxminən eyni olacaq. Ölkədə rəqəmli televiziya, peyk texnologiyalarının inkişafı bizim qarşıya qoyduğumuz məqsədə çatmağımız üçün həyata keçirdiyimiz işlərdəndir. 2017-ci ildə isə Azərbaycan artıq üçüncü peykini orbitə buraxmaqla, kosmik fəzada öz yerini möhkəmləndirmək fikri var və bu sahəyə həm dövlət tərəfindən vəsaitin ayrılması, həmçinin özəl sektorun, xarici şirkətlərin investisiya qoyuluşları üçün müəyyən şəraitin yaradılması nəzərdə tutulur. İkinci istiqamət - İKT-nin sosial-iqtisadi inkişafa təsiri çox vacib amildir. Bizim burada hədəflərimiz böyükdür. Bu gün Azərbaycanda informasiyalaşdırma olduqca sürətlə gedir, o cümlədən təhsildə, səhiyyədə. Amma burada əsas hədəfimiz odur ki, “Elektron hökumət”in elektron xidmətlərini demək olar ki, 100 faiz avtomatlaşdırmaq və Azərbaycan əhalisinin 85 faizinin bu xidmətlərə çıxışını təmin etməkdir. Üçüncü istiqamət isə texnoloji və elm tutumlu yeni istehsal sahələrinin yaradılmasıdır. Bu, bizim üçün çox vacibdir, çünki Azərbaycan bu sahədə geri qalır. Rəqəmlərə nəzər salsaq,  onu deyə bilərəm ki, 2012-ci ildə Azərbaycanda yüksək texnologiyalar sahəsində cəmi 41 milyon dollarlıq mal və məhsul ixrac edilmişdir. Bu, olduqca aşağı göstəricidir. Ona görə də bu istiqamətdə ixraca yönəlmiş, yüksək texnoloji tutuma malik olan məhsul və xidmətlərin istehsalını təmin etmək və bu sahədə ixrac potensialımıza təkan vermək vacibdir.  Azərbaycan hökumətinin bu istiqamətdə hansı işləri gördüyünü qısa izah etmək istəyirəm. Hansı addımları atmaqla bu məqsədə çatmaq istəyirik? Ümumiyyətlə, bu sahənin inkişafı adətən 3 sütun üzərində qurulur. Bu da bizim təyin etdiyimiz, hətta müəyyən qədər də “Azərbaycan modeli” kimi də adlandırılan  3 sütundur - biz  buna “Qızıl üçbucaq deyirik”. Birinci bilik,  ikinci şərait, üçüncü isə kapital sütunlarıdır. Bilik potensialının yaranması üzərində dayanmaq istəmirəm. Hörmətli təhsil nazirimiz cənab Mikayıl Cabbarov yəqin ki, öz çıxışında bu istiqamətin üzərində dayanacaq. Amma bilik potensialının olmaması bizim texnoloji inkişaf üçün ən böyük maneələrdən biri ola bilər. Düzdür, bu gün bu inkişaf var, amma texnoloji inkişaf üçün lazım olan mühəndis kadrları, texniki peşə kadrlarının hazırlanması üçün çox vacib amillərdən biri də elə bu texnoloji bazaya malik olan iqtisadi sektorun olmasıdır. Bəzən burada biz “yumurta-toyuq” problemləri ilə üzləşirik. Çünki yaxşı mühəndis yetişdirmək üçün ölkədə yaxşı texnoloji baza olmalıdır, yaxşı texnoloji baza olması üçün yaxşı mühəndislər lazımdır. Bu problemin həlli - ikisinin də birlikdə, paralel inkişaf etməsi çox vacibdir. Bu istiqamətdə bir çox, dövlət proqramları, o cümlədən Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin proqramları var. Burada da əsas məqsəd Azərbaycanda bilik, mühəndis potensialının yaradılmasıdır. İkinci istiqamətimiz şəraitin yaradılmasıdır. Yaxşı biznes şəraitinin yaradılması çox vacibdir ki,  əsasən investisiyaların cəlb olunması, həmçinin xarici investisiyaların cəlb olunması üçün labüddür. Və burada mən Valter Vitsonun fikrinə qayıtmaq istəyirəm: “Kapital ora gedir ki, ora dəvət olunur, orada qalır ki, orada üzünə yaxşı baxılır və ona şərait yaradılır”. Bunun üçün də artıq bir çox addımlar atılmaqdadır. Yəqin ki, bu haqda iqtisadiyyat və sənaye nazirinin müavini xanım Sevinc Həsənova öz çıxışında geniş danışacaq. Sadəcə, onu qeyd edim ki, yeni texnoparkların yaradılması, texnoloji inkişaf üçün vergi-gömrük güzəştlərinin yaradılması istiqamətində addımlarımızı davam edəcəyik. İkinci əsas odur ki, bu istiqamətdə mane olan amil Azərbaycan bazarının kiçik olmasıdır. 9,5 milyonluq insana malik olan bazar kiçik bazardır və xarici investorların, ümumiyyətlə, bura gələndə də bu onların müəyyən qədər ehtiyatlanma faktoruna dönür. Bazarın genişlənməsi istiqamətində də Azərbaycan hökuməti, o cümlədən bizim nazirlik bu istiqamətdə işləyirik. Burada əsas qeyri-neft sektorunda ixrac potensialının genişləndirilməsi, bizim lokal şirkətlərin xarici bazarlara çıxarılması, onların rəqabət qabiliyyətinin artması istiqamətində atdığımız addımlardır. Həmçinin regional layihələrə böyük dəstək veririk ki, bu tip layihələr istər-istəməz bizim bazarımızı genişləndirir. Burada İT xidmətləri olduqca yaxşıdır, çünki kapital qoyuluşu çox da intensivlik tələb eləmir, bu istiqamətdə bir sıra layihələr var. Data mərkəzlərin yaradılması, tranzit kanalların, tranzit sisteminin yaradılması və s. kimi planlar çoxdur. Eyni zamanda biz qonşu ölkələrlə virtual mühitdə bazarın genişləndirilməsi üzərində işləyirik. Bu, bir növ “Azad ticarət” modeli üzərində qurulub. Əgər biz bu istiqamətdə bir neçə addım ata bilsək, onda həm qonşularımızın, həm də bizim bazarımız genişlənəcək. Bazar nə qədər geniş olarsa, o qədər də iqtisadi hərəkət, iqtisadi investisiya üçün geniş imkanlar yaranır.
 

Son üçüncü isə kapital, kapitalın çox vacib olduğu maliyyə resurslarıdır. Bizim ölkədə lokal şirkətlər üçün ən böyük problem yumşaq, ucuz maliyyə resurslarına çıxışlarla bağlıdır. Son zamanlar artıq bu istiqamətdə də işlər görülür. Bunun bariz nümunəsi, bizim pul-kredit sistemində olan dəyişikliklər və  yaradılan fondlardır. Bu, Sahibkarlığa Kömək Milli Fondu, Elmin İnkişafı Fondu, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu  və əsasən də Dövlət Neft Fondu, investisiya fondlarıdır. Bu fondlar çox vacib və səmərəli layihələri əlverişli maliyyə resursları ilə təmin etməklə bu istiqamətdə vəziyyəti yaxşılaşdırmağa çalışırlar. Burada əsas məsələlərdən biri innovativ inkişafdır, elmin, elmi nailiyyətlərin istehsala tətbiqidir ki, bu da bizdə sovetlər dönəmindən problematik məsələ kimi qalır. Bu istiqamətdə də addımlar atmaq fikrindəyik. Burada ən əsası odur ki, elmlə istehsalatı bir yerə gətirmək üçün yeni innovativ şirkətlərin, innovativ sahibkarlıq yaradılmalıdır. Bu, çox vacibdir. Məsələn, bu gün dünyada bütün elmə yönələn xərclərin 80 faizi Amerika, Avropa Birliyi və Yaponiyadadır. İnvestisiyaların təxminən 80 faizi isə özəl şirkətlər tərəfindən yatırılır. Məsələn, “Intel” şirkəti 2013-cü ildə elm və tədqiqatlara təxminən 10 milyard dollar maliyyə resursları ayırmışdır. Bu istiqamətdə zəiflik inkişaf etməkdə olan ölkələrə aiddir. Məsələn, 57 müsəlman ölkəsinin elmə xərclədiyi vəsaitlər təkcə Amerika Birləşmiş Ştatlarının elmi xərclərinin təxminən 7 faizi qədərdir. Bu istiqamətdə də biz irəli addımlar atacağıq.
 
 
Genişzolaqlı layihələrlə bağı burada hörmətli  Con Endrü danışdı. Biz genişzolaqlı layihələrə ona görə çox diqqət yetiririk ki, bu, həm də sosial biznesdir. Bu, biznesi kəndlərə gətirir. Çünki kəndlərin inkişafı çox vacibdir. Azərbaycanın 46 faiz əhalisi kənd əhalisidir. Onlara genişzolaqlı, ümumiyyətlə, yeni infrastruktur gətirməklə, həm də onların işgüzarlıq imkanlarını genişləndiririk və onlara yeni biznes gətirə bilirik. Mənə ayrılan vaxt artıq başa çatmışdır. Bu forumun əsas mövzusu investisiyalar olduğu üçün  çıxışımı Azərbaycan hökumətinin investorlara olan çağrısını bir daha bir cümlə ilə ifadə etmək istəyirəm.
 
Təklif budur ki, bizim sahə üçün hökumət xarici investorları Azərbaycana dəvət edir. Azərbaycan tərəfindən münbit şəraitin yaradılması, kapitalın bölüşdürülməsi, insan resurslarının təmini, daxili bazarın onlara yönləndirilməsi, xarici investordan isə investroların bölüşdürülməsi, yerli şirkətlərlə əməkdaşlıq və  məhsullarımızı xarici bazarlara çıxarmaq üçün kömək tələb olunur.
 
Çox sağ olun, bir daha sizə minnətdarlığımı bildirirəm. Bu konfrans bizim üçün çox vacib olan bir toplantıdır.




18/03/15    Çap et