Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Gürcüstan kitabxanaları arasında elektron kitab mübadiləsi əlavə maddi xərclərin qarşısını alacaq
Azərbaycan Milli Kitabxanası (AMK) və Gürcüstan Milli Parlament Kitabxanası arasında bağlanmış ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun şərtlərinə əsasən, tərəflər arasında elektron kitab mübadiləsi həyata keçiriləcək.
Bu mübadilə hər iki ölkənin milli kitabxanalarının fondunun zənginləşməsinə səbəb olacaq, kitabların təkrar surətinin çəkilməsinin, vaxt və əmək itkisinin, əlavə maddi xərclərin qarşısını alacaq.
Bu barədə məlumat verən AMK-dan bildirilib ki, memoranduma əlavə olaraq bu proseslərin həyata keçirilməsi üçün qarşılıqlı razılaşma əsasında Müqavilə hazırlanması və Tbilisidə imzalanması qərara alınıb.
Qeyd edək ki, bu məqsədlə bir müddət əvvəl Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Georgi Kekelidze və Elektron resurslar üzrə direktor müavini Levan Taktakişvili Azərbaycan Milli Kitabxanasında olublar. Son bir il ərzində Gürcüstan Milli Parlament Kitabxanasında baş verən yeniliklərdən danışan G.Kekelidze bildirib ki, kitabxana Sierra avtomatlaşdırılmış kitabxana sistemi əsasında işləyir.
Qonaqlar Milli Kitabxanada tətbiq olunan “VTLS-Virtua” proqramı ilə yaxından tanış olublar. “Virtua” proqramı kitabxanalar, arxivlər, muzeylər və korporasiyalar üçün materialların rəqəmli formaya çevrilməsini ən yüksək və peşəkar səviyyədə təmin edir.
Həqiqət İSABALAYEVA
29/03/15 Çap et