Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson” iki Avropa universiteti bazasında “5G” sahəsində tədqiqatlara başlayır


İsveçin “Ericsson” şirkəti Londonun “King"s College” və Drezdenin "Technische Universität” universitetləri ilə birlikdə beşinci nəsil rabitə texnologiyasının tətbiqi üzrə tədqiqatlara başlayıb.
 
Layihə çərçivəsində Londonda sensorlu avadanlıqlarla təchiz edilən internet laboratoriyasının yaradılması nəzərdə tutulur. Burada proqram təminatı vasitəsilə simsiz “5G” texnologiyaları hazırlanacaq, sınaqları keçiriləcək və real şəraitə uyğunlaşdırılacaq. Həmçinin laboratoriyada prototiplər ərsəyə gətiriləcək və Londonda və dünyanın digər ölkələrində yerləşən sınaq meydançalarında testlər keçiriləcək.
 
Drezdendə bağlantıların minimal yubanmasını və yüksək etibarlığını təmin edən texnologiya üzərində çalışacaq "5G Lab Germany” laboratoriyası təsis ediləcək.
 
“Bu, Böyük Britaniya və Almaniyada “ağıllı” şəhərlərin, “Əşyaların interneti” texnologiyalarının və müxtəlif sahələrin inkişafına təkan verəcək. Beşinci nəsil rabitə texnologiyalarının inkişafı yaxın iyirmi ildə rəqəmli iqtisadiyyatın yaradılmasında əsas olacaq”, - "Ericsson”un Qərbi və Mərkəzi Avropa üzrə rəhbəri Valter Davino deyib.
 
“Ericsson” artıq digər universitetlərlə, o cümlədən İsveçin “Royal Institute of Technology”, “Chalmers University of Technology” və “Lund University” ali məktəbləri ilə analoji layihələr üzərində çalışır. İsveç istehsalçısı həmçinin “METIS” (Mobile and wireless communications Enablers for Twenty-twenty (2020) Information Society) layihəsinə rəhbərlik edir və avtomobil sənayesi şirkətləri tərəfindən “5G” sahəsində birgə işləmələrin aparılması üçün yaradılan "5G PPP” (5G Infrastructure Public-Private Partnership) layihəsinin təşəbbüskarı kimi çıxış edir.
 
Proqnozlara görə, beşinci nəsil rabitə texnologiyaları 2020-ci ildə kommersiya istifadəsinə veriləcək. O vaxtadək şəbəkəyə təxminən 50 milyard qurğu qoşulacaq və onların əksər hissəsi “M2M” sektorunun payına düşəcək.
 
“М2М” (Machine-to-Machine) qurğulara bir-biri ilə informasiya mübadiləsi etməyə və ya onu birtərəfli qaydada ötürməyə imkan verən kompüterlərarası əlaqə texnologiyasının ümumi adıdır. Bu, müxtəlif monitorinq sistemləri, terminallar, təhlükəsizlik, mühafizə, səhiyyə, telemetriya və s. sistemlər ola bilər, - "IT Expert” yazır.




29/03/15    Çap et