Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AMEA İnformasiya Texnologiyaları İnstitutunun beynəlxalq əlaqələri genişlənir


AMEA İnformasiya Texnologiyaları İnstitutunun İT üzrə aparıcı elmi-tədqiqat institutları, mərkəz və təşkilatları ilə beynəlxalq əlaqələri gündən-günə genişlənməkdədir.

Ölkədə informasiya cəmiyyəti prinsipləri və ideyalarının bərqərar olmasında yaxından iştirak edən İTİ tərəfindən elmi-tədqiqat institutları ilə elmi-texniki sahədə əməkdaşlıq əlaqələrinin intensiv inkişafı istiqamətində məqsədyönlü işlər aparılır.

AMEA İTİ-də Rusiya Elmlər Akademiyasının Sistemli Analiz İnstitutunun (SAİ) Qrid-texnologiyalar və Paylanmış Hesablamalar Mərkəzinin rəhbəri, Moskva Fizika-Texnika İnstitutunun “Paylanmış hesablamalar” kafedrasının müdiri, professor Aleksandr Afanasyev və SAİ-nin aparıcı mühəndisi Yelena Putilinanın iştirakı ilə keçirilən seminar da elmi-texniki sahədə birgə tədqiqatlarda iştirakın təmini, bilik və təcrübə mübadiləsinin aparılması məsələlərinə həsr olunmuşdur.

Tədbirdə elm və texnika sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin hər iki dövlətin iqtisadi və sosial inkişafında mühüm rol oynadığı vurğulandı.

Fundamental tədqiqatlar sahəsində əməkdaşlığın inkişafı məsələlərinin zəruriliyi qeyd edildi. Elmi-tədqiqat, sənaye müəssisələri və texnoparklarda birgə tədqiqatların aparılmasının elmin innovativ inkişafını səciyyələndirən mühüm amillərdən olduğu bildirildi.

İnformasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin həlli, müxtəlif elmi-nəzəri əsaslarının dərindən öyrənilməsi, əldə edilən biliklərin, yeni ideya və həllərin cəmiyyətə inteqrasiyası, kreativ, peşəkar və mobil kadrların yetişdirilməsi, innovativ nəticələrin əldə edilməsi məqsədlərinə xidmət edən birgə elmi-tədqiqatların aparılmasının institutun fəaliyyətində başlıca hədəflərdən olduğu qeyd edildi.

Tədbirdə İnformasiya Texnologiyaları İnstitutunun SAİ ilə birgə “Rusiya elmi-texnoloji kompleksinin prioritet inkişaf istiqamətləri üzrə tədqiqat və işləmələr” Federal Məqsədli Proqram çərçivəsində qrant udduğu da bildirilərək, İKT sahəsində “İnformasiya-kommunikasiya sistemləri” prioritet istiqaməti üzrə axtarış tədqiqatlarının aparılması, elmi-texniki fəaliyyətin yüksək səviyyədə təşkilinin əsas məqsədlərdən olduğu vurğulandı.

Professor A.Afanasyev institutun informasiya texnologiyaları və informasiya cəmiyyəti problemlərinin həlli, bilik, təcrübə və kadr mübadiləsinin aparılması məsələlərinin təşkili, elmi-texniki əməkdaşlıq əlaqələrinin yaradılması və möhkəmləndirilməsi sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdi.

Böyük elmi potensiala malik olan institutda qabaqcıl texnologiyaların geniş tətbiqi ilə müvafiq şəraitin yaradılmasını birgə elmi tədqiqatların aparılması, səmərəli nəticələrin əldə edilməsi baxımından mühüm amil kimi dəyərləndirdi.

Sonra A.Afanasyev “MathCloud mühitində hesablamalar” mövzusunda məruzə ilə çıxış etdi. Alim rəhbərlik etdiyi mərkəz tərəfindən Avropa Kosmik Agentliyi ilə birgə həyata keçirilən layihələr, görülən işlər haqqında ətraflı məlumat verdi.

Proqram texnologiyaları və kommunikasiya vasitələri, Globus Toolkit, g-Life, Condor və UNİCORE grid-texnologiyalar, MathCloud və “hesablama buludlarının” üstünlükləri haqqında geniş məruzə etdi, elmi-texniki sahənin inkişafındakı rolundan söhbət açdı.




07/09/11    Çap et