Qlobal elektron ticarət reytinqi açıqlanıb
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) müxtəlif ölkələrdə elektron ticarətin inkişafı üçün şəraiti qiymətləndirib. Reytinqdə 130 ölkə yer alıb. İndeks hesablamasında internetdən istifadə göstəriciləri, təhlükəsizlik səviyyəsi, kredit kartlarının yayılması və poçt xidmətlərinin keyfiyyəti nəzərə alınıb.
Reytinqə kiçik Avropa ölkələri - Lüksemburq, Norveç və Finlandiya liderlik edir. Bu dövlətlərdə infrastruktur, biznes nümayəndələri və alıcılar internet ticarətinin inkişafına digər ölkələrlə müqayisədə daha çox töhfə verir.
İnkişaf etməkdə olan ölkələr arasında lider Cənubi Koreya, Honkonq və Sinqapurdur. Bununla belə, faktiki olaraq əhalisi çox olan ölkələr, məsələn, Braziliya, Çin və Rusiya elektron ticarət üçün daha böyük bazarlar hesab edilir.
Ekspertlərin proqnozlarına görə, iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr tədricən dünya elektron ticarət bazarında payını artıracaq. Artıq 2018-ci ilədək internet ticarətinin 40 faizi inkişaf etmiş ölkələrdən kənarda aparılacaq. Məruzə müəllifləri bunu qeyd olunan dövlətlərin texniki təchizatının yaxşılaşdırılması - mobil telefon və internetin yayılması, eləcə də şəbəkədə alış-verişi sadələşdirən müxtəlif elektron ödəniş sistemlərinin yaradılması ilə əlaqələndirirlər.
Bundan əlavə, sonrakı bir neçə il ərzində elektron kommersiyanın Asiya-Sakit okean regionuna keçməsi tendensiyası qorunub saxlanacaq, -
"Payspacemagazine” yazır.