Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi üzrə 3 stasionar stansiyada avadanlıqların qurulması başa çatdırılıb


Respublikada Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinin qurulması layihəsi çərçivəsində Bakı şəhəri və Abşeron yarımadası üzrə nəzərdə tutulan bir İdarəetmə Mərkəzi (Mehdiabad), üç stasionar stansiyanın (Mehdiabad, Günəşli və Sahil qəsəbələrində) və bir mobil radiomonitorinq və pelenqasiya stansiya avadanlıqlarının "Sinam" MMC tərəfindən alınıb qurulması demək olar ki, başa çatdırılıb.
 
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyevin sözlərinə görə, hal-hazırda qeyd olunan Mərkəzləşdirilmiş Avtomatik radiomonitorinq və pelenqasiya avadanlıqlarının və proqram təminatlarının texniki parametrlərinin nəzərdə tutulan  texniki şərtlərə uyğunlaşdırılması, sistemin dayanıqlı işləməsi üçün müvafiq tədbirlərin görülməsi və mütəxəssislərin öyrədilməsi istiqamətində "Sinam" MMC tərəfindən müvafiq tədbirlər görülür.
 
 
Qeyd edək ki, yeni qurulan şəbəkə respublikada ümumi tezlik spektrinə avtomatik olaraq tam nəzarətin həyata keçirilməsinə, yüksəktezlikli radiosiqnalların qəbuluna, efirə qeyri-qanuni müdaxilə edən tezlik siqnallarının avtomatik aşkarlanmasına imkan verir, mülki məqsədlər üçün nəzərdə tutulan  tezlik spektrinə nəzarəti təmin edə bilir və avtomatik idarə olunur.
 
Nəticələrə əsasən, radiomonitorinq sisteminin avtomatlaşdırılması, təbii məhdud resurs olan tezlik spektrindən səmərəli istifadə, radiomonitorinqin funksional və texniki imkanlarının genişləndirilməsi, radiotezlik resurslarının istifadəsinin real vəziyyətinin qiymətləndirilməsi mümkün olacaq.
 
Eyni zamanda radiotezlik resurslarından istifadəyə görə ödənişlərin qeydiyyatının və nəzarətin avtomatikliyinin təmin olunması, mübahisəli məsələlərin həllində radiomonitorinqin nəticələrinin əsas götürülməsi, əl əməyinin və səhvlərin azaldılması, çeviklik və vaxta qənaət, ölkənin informasiya təhlükəsizliyinin qorunmasının təmin edilməsi də gözlənilən nəticələr sırasına daxildir.
 
 
Həqiqət İSABALAYEVA




02/04/15    Çap et