Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Masaüstü kompüterlər üçün ən populyar internet brauzeri hansıdır?


 Bu yaxınlarda “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemində "Internet Explorer” brauzerini əvəz edəcək yeni brauzerin ilkin versiyasını təqdim edib.

Lakin hazırda "Internet Explorer” dünyada masaüstü kompüterlər üçün ən populyar internet brauzeri olaraq qalır. Bu barədə 40 mindən çox sayta daxil olan 160 milyon istifadəçinin aktivliyini izləyən "NetMarketShare” xidmətinin statistik məlumatında deyilir.
 
Analitiklərin 2015-ci ilin martına olan məlumatına görə, "Internet Explorer”in dünya brauzerlər bazarında payı 56,54 faiz təşkil edib, halbuki əvvəlki göstərici 57,38 faizə bərabər olub. Göstərici 2013-cü ilin iyulundan ilk dəfə 57 faizdən aşağı düşüb.
 
“Internet Explorer”in payının azalmasına baxmayaraq rəqibləri ondan hələ də çox geri qalır. İkinci yerdə göstəricisi 2015-ci ilin fevralından bir ay sonra 24,99 faizədək artan "Chrome” brauzeri qərarlaşıb. Beləliklə, “Google” şirkətinin məhsulu qlobal kompüter brauzerlər bazarının dörddə bir hissəsini tutub.
 
Üçüncü yerdə olan “Firefox” brauzeri azalmağa doğru gedir, lakin ötən ay brauzerin payı aylıq hesablamada 0,29 faiz bənd - 11,89 faizədək artıb. 2014-cü ilin martında “Firefox” brauzeri “Chrome”un yanında olsa da, ilin sonuna rəqibindən xeyli geriləməyə başlayıb.
 
“Safari” brauzerinin payı uzun illərdir 5 faiz göstəricisindədir. 2015-ci ilin martını bu brauzer 5 faizlə başa vurub. “NetMarketShare” statistikasında "Opera” brauzeri 1 faizlə kifayətlənməli olub, - “DailyComm” yazır.
 
 




03/04/15    Çap et