Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Startap Azərbaycan” AzMIU-da toplantı keçirib
Azərbaycan Memarlıq və İnşaat Universitetində "Startap Azərbaycan" layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
"ICTnews" xəbər xidmətinin təşkilatçılara istinadən verdiyi məlumata əsasən, "Startap Azərbaycan" Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbirdə layihə haqda geniş məlumat verib və "Startap Azərbaycan"ın yekun təqdimat mərasiminin və finalçıların investorlarla görüşlərinin may ayının sonlarında keçiriləcəyini bildirib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov çıxış edərək Dövlət Fondunun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və qarşıda gözlənilən tədbirlər haqqında məlumat verib.
Görüşdə "Elektron hökumət" portalının nümayəndəsi Ruhəngiz Mehmanqızı portal haqda, onun üzərində hazırlanacaq mobil tətbiqlər haqda məlumat verib və layihə çərçivəsində keçirilən müsabiqənin davam etdiyini diqqətə çatdırıb.
Tədbirdə bildirilib ki, yaxın zamanda Azərbaycan Texniki Universitetində və Yüksək Texnologiyalar Parkında belə görüşlərin keçirilməsi nəzərdə tutulur.
"Startap Azərbaycan" layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondu, "Elektron hökumət" portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir. "İnfiPro", "SİNAM", "SMART Systems", "Cybernet" və "Happy Baku" şirkətlərinin dəstəyi ilə keçirilən "Startap Azərbaycan" layihəsinin Akademik partnyoru ADA Universitetidir.
Aynur Vəliyeva
03/04/15 Çap et