Cihazların "hava" vasitəsilə enerji ilə doldurulması texnologiyası kütləvi istehsala hazırdır
“Ossia” startapı “Cota” simsiz enerjidoldurma texnologiyası üzərində aparılan işləri başa çatdırıb və qurğunu mobil qurğu və məişət elektronikası istehsalçılarının ixtiyarına verməyə hazırdır.
Şirkətin nümayəndəsi hesab edir ki, onlar 2015-ci ilin sonunadək “Cota” qurğusunun ilk tədarükü ilə bağlı müqavilələri imzalayacaqlar.
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, sözügedən texnologiyanın hazırlanmasına 8 il vaxt gedib və ilk dəfə 2013-cü ildə nümayiş etdirilib. “Cota” qurğusu enerjini hava vasitəsilə müxtəlif elektron qurğulara ötürməyə imkan verir. Bunun üçün qurğu “Wi-Fi” və “Bluetooth” standartları tərəfindən istifadə olunan diapazon tezliklərində radio dalğalardan istifadə edir.
“Cota” enerjidoldurma qurğusunun işləməsi üçün enerjidoldurulan qurğunun enerji ötürücü aparatdan 10 metr radiusda olması lazımdır.
Enerji ötürücü aparatı “Cota” texnologiyasının iki komponentindən biridir. İkinci komponent olan çipseti hər bir qurğuya yerləşdirmək lazımdır ki, enerji ötürmək mümkün olsun. Qurğu kimi smartfon, planşet, noutbuk, “ağıllı saat”, “ağıllı thermostat” və digər cihazlar ola bilər.
“Enerji ötürücü aparatı hər bir otağa yerləşdirmək vacib deyil. Sözügedən aparatı bir yerə yerləşdirmək lazımdır və o, evdəki bütün qurğulara enerji ötürəcək” – startapın təsisçisi Hatem Zeyn bildirib.
Emil Hüseynov